Dövriyyədə olan yeni dizaynlı pul nişanlarının, xüsusilə 100 manatlıq əskinasların saxta olması ilə bağlı sosial şəbəkələrdə iddialar yayılıb.
Globalinfo.az xəbər verir ki, Mərkəzi Bankın mütəxəssisi Qəhrəman Paşayev “Xəzər Xəbər”ə açıqlamasında məsələyə aydınlıq gətirib.
O bildirib ki, yeni dizaynlı əskinasların əvvəlki nümunələrdən fərqlənməsi və vətəndaşların mühafizə elementləri ilə kifayət qədər tanış olmaması belə şübhələrə səbəb ola bilər.
“Həqiqi pul nişanlarında su nişanı, mühafizə çapı, qabarıq çap və digər mühafizə elementləri mövcuddur. Vətəndaşlar bu elementləri adi gözlə və toxunmaqla müəyyən edə bilərlər”.
Mütəxəssis yeni əskinasların ödəniş terminalları və bankomatlar tərəfindən qəbul edilməməsi məsələsinə də toxunub.
Onun sözlərinə görə, nağd pul avadanlıqlarında əskinasların qəbulunda əsas meyar buraxılış tarixi deyil, fiziki vəziyyətidir. Zədələnmiş, rəngini itirmiş, üzərində nəzərəçarpan yazı və ləkələr olan əskinaslar həmin avadanlıqlar tərəfindən qəbul edilməyə bilər.
Qeyd olunub ki, tədavülə buraxılmış pul nişanları ölkə ərazisində bütün növ ödənişlər zamanı nominal dəyəri ilə qəbul edilməlidir. Əskinasların yeni dizaynına görə qəbulundan imtina edilməsi qanunvericiliyin tələblərinə ziddir.
