WhatsApp Image 2024 07 26 at 13.03.58 1

Ermənistan yenidən təxribata əl atır. Tovuzla sərhəddə Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterin kəşfiyyat uçuşu həyata keçirməsi Azərbaycan tərəfini narahat edib. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın növbəti təxribatı barədə bəyanat yayıb və qarşı tərəfə xəbərdarlıq edilib.

Bu təxribatlar nədən xəbər verir? İrəvan yeni müharibəyə hazırlaşır?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Müdafiə Nazirliyinin Ermənistana xəbərdarlıq mahiyyətli bəyanatı yerində və doğru addımdır:

“MN-in Ermənistanın təxribatları və bu ölkəni silahlandıranlarla bağlı son sərt bəyanatı Baş nazir Nikol Paşinyanı və onun hökumət üzvlərini düşündürməlidir. Rəsmi Bakı İrəvanın nazı ilə oynamayacaq. Ümumiyyətlə, müharibələrdə məğlub olan dövlətlər qalib dövlətlərin şərtlərini qəbul etmək məcburiyyətindədirlər.

elxan sahinoglu 0

Elxan Şahinoğlu

Birinci Dünya müharibəsi 3 böyük imperiyanın dağılmasına səbəb oldu, çünki üçü də məğlub olmuşdu. İkinci Dünya müharibəsinin nəticəsində qalib ölkələr Almaniyanı müxtəlif parçalara böldülər. Yaponiyanı məğlub edən ABŞ bu ölkənin Konstitusiyasını özü yazdı. Azərbaycanın da qalib ölkə kimi şərtlər irəli sürmək hüququ var”.

Ekspert deyib ki, Azərbaycan qalib ölkə olmasına rəğmən, Ermənistana sadə tələblər irəli sürüb:

Birincisi, rəsmi Bakı tələb edir ki, İrəvan silahlanmanı dayandırsın və sərhəddə təxribatlara son qoysun.

İkincisi, Azərbaycan özündə ərazi iddiasını ehtiva edən Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir.

Bu ikisi yerinə yetirilməyənə qədər bölgədə vəziyyətin normallaşacağını söyləmək çətindir. Müharibədə məğlub olan ölkənin sürətlə silahlandırılmasına qalib ölkə dözə bilməz”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: