yagis duman 1

“İntensiv yağan yağışların yaratdığı fəsadları aradan qaldırmaq üçün 86 milyon manata qədər vəsait ayrılıb. Bu vəsait əsasən mövcud problemlərin həlli və onların təkrar baş verməməsi üçün nəzərdə tutulmuş mühüm maliyyə mənbəyi olub”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Əli Məsimli deyib.

“Eyni zamanda, müvafiq sərəncamın verilməsindən sonra aprel ayından etibarən başlayan və may ayında davam edən intensiv yağışlar nəticəsində təsərrüfatların coğrafiyasında dəyişikliklər baş verib, bəzi şəxsi təsərrüfatlara ziyan dəyib. Bu proses kənd təsərrüfatı sahəsində də müəyyən çətinliklər yaradıb. Bununla belə, həmin istiqamətdə zərərin azaldılması və vəziyyətin yumşaldılması üçün müəyyən müsbət işlər görülüb və bunu müsbət qiymətləndirmək olar.

Lakin dəyən ziyanın həcmi nəzərə alındıqda, əlavə maliyyə dəstəyinə ehtiyac olduğu aydın görünür. Eyni zamanda, sığorta sisteminin daha geniş və effektiv şəkildə tətbiq olunması vacibdir. Hesab edirəm ki, müxtəlif mexanizmlərlə sığorta sistemi təkmilləşdirilməli və dövlətə hər dəfə əlavə yük düşməsinin qarşısı alınmalıdır. Sığorta mexanizmi tam gücü ilə işləməli və zərər hallarında əsas maliyyə təminatı rolunu oynamalıdır”.

Deputat bildirib ki, yerli strukturların fəaliyyəti ümumilikdə müsbət qiymətləndirilir:

“Onlar öz səlahiyyətləri çərçivəsində bir sıra problemlərin həlli istiqamətində işlər görürlər. Lakin intensiv yağışlar zamanı problemlərin təkrar yaranması, məsələn, körpülərin uçması kimi hallar göstərir ki, bəzi məsələlər daha mərkəzləşdirilmiş yanaşma tələb edir.

Bu baxımdan, həm yerli, həm də mərkəzi səviyyədə əlavə vəsaitlərin ayrılması və proseslərdə şəffaflığın təmin olunması vacibdir. Dəyən ziyanın düzgün qiymətləndirilməsi və şəffaf mexanizmlərlə maliyyələşdirilməsi xüsusi önəm daşıyır”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: