Xaricdə təhsil alan daha 95 nəfərə pis xəbər

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı yanvar ayı üzrə 626 müraciətçinin 531-i barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 95 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Globalinfo.az-a verilən xəbərə görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 76, dövlət nümunəli olmayan diplom üzrə 8, təhsil forması üzrə 4, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 5, bakalavr diplomu üzrə imtina verilməsi səbəbilə 1, tədris yükü üzrə 1 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb:

”Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Ukraynadan 186, Rusiya Federasiyasından 171, Türkiyə Respublikasından 149, Gürcüstandan 41, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı 17, İtaliyadan 13, Macaristandan 7, Polşadan 7, Amerika Birləşmiş Ştatlarından 4, İsveçdən 4, Qırğızıstan Respublikasından 4, Çin Xalq Respublikasından 3, Fransadan 3, Qazaxıstan Respublikasından 3, Belarus Respublikasından 2, Əlcəzairdən 2, Almaniyadan 1, Belçikadan 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Əfqanistandan 1, Estoniyadan 1, İspaniyadan 1, Kiprdən 1, Litvadan 1, Malavidən 1, Pakistan İslam Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, maliyyə üzrə 63, menecment üzrə 52, iqtisadiyyat üzrə 47, biznesin idarə edilməsi üzrə 37, dövlət və bələdiyyə idarəetməsi üzrə 19 müraciətçi qeydə alınıb”.

Agentlikdən bildirilib ki, sənədlərə ortalama baxılma müddəti 12 iş günü təşkil edib.