Əli Xameneinin 35 metr dərinlikdə, partlayışa davamlı otaqla təchiz olunmuş gizli yeraltı sığınacağı var imiş.
Globalinfo.az “Azad İran” teleqram kanalına istinadla xəbər verir ki, “İran International” kanalının əldə etdiyi xüsusi xəritələrə və təhlükəsizlik mənbələrinə istinadən verdiyi xəbərə görə, İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Tehrandakı “Mofid” küçəsi yaxınlığında – ali rəhbərin iqamətgahı yaxınlığında Əli Xameneini qorumaq üçün böyük yeraltı kompleks inşa edib.
Bu kompleks yerin təxminən 30-35 metr dərinliyində yerləşir və partlayışa davamlı xüsusi otağa malikdir.
Yerüstü hissəsində idman mərkəzi olan bu kompleksin yeraltı hissəsində çoxmərtəbəli avtomobil dayanacaqları, atıcılıq tirləri və komandirlər üçün 5 mərtəbəli ofislər mövcuddur. Kompleks tunellər vasitəsilə Vəliəsr, Pastor və Cümhuriyyət küçələrinə bağlanır. İnşaat işlərinə SEPAH-ın “Xatəmül-Ənbiya” qərargahı rəhbərlik edib.
Məlumata görə, bu sığınacaq İsrailin ali rəhbərin iqamətgahına hücumunun hədəflərindən biri olub, lakin peyk görüntüləri onun tamamilə məhv edilmədiyini göstərir.