elcibey 1

Azərbaycanın mərhum prezidenti, milli azadlıq hərəkatının liderlərindən olan Əbülfəz Elçibəyin anadan olmasının 88 il ötür. Hər il iyunun 24-də Ə.Elçibəyin xatirəsi anılır, məzarı ziyarət edilir. Onun siyasi fəaliyyəti, dövlətçilik baxışları və şəxsi keyfiyyətləri ilə bağlı bu gün də müxtəlif fikirlər səsləndirilir, xatirələr paylaşılır.

Bir müddət öncə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilovun “Elçibəyi repressiyadan xilas edən Heydər Əliyev olub” fikri də müzakirələrə səbəb olub. Əbülfəz Elçibəyi yaxından tanıyan şəxslər isə onunla bağlı xatirələrini bölüşməyə davam edirlər.

Globalinfo.az-a danışan Azərbaycanın keçmiş baş naziri, Elçibəyin yaxın silahdaşı olmuş Pənah Hüseyn bildirib ki, Əbülfəz Elçibəylə ilk tanışlığı 40 il əvvəl baş tutub:

“Mənim üçün Əbülfəz Elçibəylə bağlı çox dəyərli xatirələr var və onlardan hər hansı birini digərlərindən üstün tutmaq çətindir. İlk dəfə onunla 1986-cı ildə Moskvada tanış olmuşam. O dövrdə mərhum Aydın Balayev SSRİ Elmlər Akademiyasının prezidenti yanında fəaliyyət göstərən akademik Şahid Qasımov vasitəsilə bizi tanış etmişdi. Həmin vaxt Əbülfəz Elçibəy Moskvada elmi məzuniyyətdə idi və təxminən bir ilə yaxın orada fəaliyyət göstərirdi. İlk tanışlığımızdan sonra onun mənim kiçik qızımın ad günündə iştirak etməsi də yaddaşıma həkk olunub. Həmin məclisdə Moskvada çalışan bir qrup azərbaycanlı alim və ziyalı da iştirak edirdi”.

1757941921 penah huseyn

Pənah Hüseyn

P.Hüseyn daha bir məqama toxunub:

“Sonrakı görüşlərimizdə Əbülfəz Elçibəyin milli məsələlər, sosial problemlər və elmi mövzularla bağlı dərin biliyi, yüksək analitik düşüncəsi və hadisələrə verdiyi əsaslandırılmış izahlar məndə böyük təəssürat yaratdı. Məhz bu xüsusiyyətləri bizim münasibətlərimizi daha da yaxınlaşdırdı və nəticədə onunla çiyin-çiyinə fəaliyyət göstərməyə, onu özüm üçün siyasi lider kimi qəbul etməyə başladım”.

Əməkdar jurnalist Azər Ayxan deyib ki, o, 1997-ci ilin may ayında Kələkiyə gedib, sabiq prezident Əbülfəz Elçibəylə orda görüşüb:

“1997-ci ilin may ayında Əbülfəz bəy haqda xüsusi buraxılış hazırlamaq üçün Naxçıvana ezamiyyətə getdim. Onun yaşadığı Kələki kəndində 1 həftə qaldım. Bu müddətdə Elçibəylə geniş söhbətim oldu. Onu daha yaxından tanımaq imkanı qazandım. Müsahibədən sonra müxtəlif mövzularda müzakirə aparırdıq. Əslində mən onu dinləmək üçün demək olar, danışmırdım. Əbülfəz bəyin fikirlərini, danışığını bacardığım qədər yaddaşıma yazırdım. Bir jurnalist üçün bundan yaxşı imkan ola bilməzdi…”.

azer ayxan yeni foto

Azər Ayxan

Azər Ayxanın sözlərinə görə, ilk müsahibə gərgin keçib:

“Kələkidə onun kasıbyana bir iş otağı vardı, orada müsahibəyə başladıq. Verdiyim suallardan narazılığını bildirirdi. Əslində belə rəftarını anlayırdım. O vaxtlar AXCP haqda silsilə tənqidi yazılar hazırlayırdım, AXCP-nin Əli Kərimli qanadı barədə araşdırma məqalələr yazırdım. Kələkiyə getmədən bir neçə gün öncə qəzetdə “AXCP-də ikinci cəbhə açılır” başlıqlı yazım rezonans doğurmuşdu. Məqalədə Əli Kərimli və onun rəhbərlik etdiyi “Yurd” təşkilatı sərt şəkildə tənqid olunmuşdu. Elçibəy sədri olduğu partiya haqda belə məqalələrin dərcini hər halda xoşlamırdı. Həm də o vaxt məşhur siyasətçilərdən aldığım müsahibələr siyasi və mətbu çevrələrdə səs-küy yaradırdı. Əbülfəz bəy necə deyərlər, ilk andan gözümün odunu almaq üçün həmlə etdi. Buna rəğmən müsahibə yaxşı alındı”.

A.Ayxan bildirib ki, bu müsahibədən sonra Əbülfəz Elçibəy onu yanına çağırıb təklikdə söhbət edib:

“Axşamüstü idi, məni çağırdı, həyətdə üz-üzə oturduq. Söhbətə özü başladı. Mənim yazılarımı oxuduğunu, bəyəndiyini dedi. “Sənin gələcəyinə inanıram, yaxşı jurnalist ola bilərsən, gərək obyektivliyi qoruyasan”. Hiss etdim ki, müsahibə zamanı məni danlamasını kompensasiya edir, könlümü alır. Maraqlı etirafları da oldu. Bu etirafların bəzilərini yazılarımda qeyd etmişəm, bəziləri isə hələ ictimailəşməyib”.

elcibey keleki

Kələki, 1997-ci ilin may ayı, Elçibəyin evinin həyəti. Soldan sağa: Əbülfəz Elçibəy, Böyükkişi Heydərli, Akif İslamzadə, Azər Ayxan, Naxçıvan müxalifətçiləri.

Azər Ayxan Əbülfəz Elçibəyin o zaman çox gərgin olduğunu vurğulayıb:

“Həmin vaxt Nizami Süleymanov onun haqqında xoşagəlməz iddialar səsləndirmişdi. Bir tərəfdən də qardaşı Almurad Əliyevin rəftarı onu qıcıqlandırırdı. Biz Kələkidə olanda Almurad bəy də orda idi. Tez-tez mübahisə edirdilər, Elçibəy onu danlayırdı, məsuliyyətli olmasını tövsiyə edirdi.

Əbülfəz bəyin Kələkidə darıxdığını, ordakı həyatdan bezdiyini gördüm. Çox hövsələsiz olmuşdu. Böyük siyasi proseslərə yön vermiş, meydanlarda yüz minlərin qarşısında çıxış etmiş, prezident olmuş bir şəxsin ucqar dağ kəndində 4 ilə yaxın məcburi yaşaması asan deyildi. Allah Əbülfəz bəyə rəhmət etsin. Yaxşı insan idi, amma siyasətçi kimi uğurlu ola bilmədi… 1993-cü ildə verdiyi qərarlar özünü də, tərəfdarlarını da, ölkəni də əlverişsiz vəziyyətə saldı. Bir şeyə əminəm ki, bunları pis niyyətlə etmədi, çıxılmaz və əlacsız qaldığı üçün etdi”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: