karbala 111

Məlum olduğu kimi, bu gün Aşura günüdür. Aşuranın fəlsəfəsini və mahiyyətini nəzərə alsaq, bu günün əsas mesajı nədir? Aşura yalnız tarixi bir hadisənin xatirəsidir, yoxsa müasir insan üçün də mənəvi və əxlaqi bir yol göstəricisidir?

Globalinfo.az-a danışan Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib ki, “Aşura” sözü mənaca “onuncu gün” deməkdir:

“Məhərrəm ayı islam təqviminin ilk ayıdır və onun onuncu günü Aşura günü kimi qeyd olunur. Aşuranın çox qədim tarixi var. Peyğəmbər ailəsinin başına gələn Kərbəla faciəsi miladi 680-ci ildə baş verib. Həmin dövrün hakimi Yezid ibn Müaviyənin əmri ilə Peyğəmbərin sevimli nəvəsi İmam Hüseyn, onun ailəsi və silahdaşları İraqın Kərbəla çölündə faciəvi şəkildə şəhid edilib. Şəhidlərin başları kəsilərək nizələrə taxılıb, Kərbəladan Dəməşqə qədər aparılıb, ailə üzvləri isə əsir götürülüb. Yezid minlərlə əsgər göndərərək İmam Hüseynin yanında olan təxminən 72 nəfəri qətlə yetirmişdi. Yezid hakimiyyətini qorumaq məqsədilə belə bir qərara gəlmişdi ki, onun hakimiyyəti üçün əsas maneə İmam Hüseyndir və buna görə də onu aradan götürməlidir. Bu məqsədlə o, Peyğəmbər ailəsinə qarşı da amansız davranmaqdan çəkinmədi. İmam Hüseynin isə məqsədi hakimiyyət uğrunda müharibə aparmaq deyildi. O, Yezid hakimiyyətindən narazı olan Kufə əhalisinin dəvətini qəbul edərək onlarla görüşmək, vəziyyətlərini öyrənmək və mənəvi dəstək vermək üçün yola çıxmışdı. O, nə qoşun toplamaq, nə də silahlı qarşıdurma yaratmaq niyyətində idi. Bu səbəbdən Mədinədən Məkkəyə getmiş, oradan isə Kufəyə doğru hərəkət etmişdi”.

İlahiyyatçı qeyd edib ki, İmam Hüseyn ailəsi, xanımları, qohumları və övladları ilə birlikdə bu səfərə çıxmışdı:

“Kərbəla hadisəsində müxtəlif yaşlarda insanlar şəhid edildi. Onların arasında 80 yaşlı Həbib ibn Məzahir kimi yaşlı insanlar da, gənclər də, hətta altı aylıq körpə də var idi. Kərbəla faciəsi göstərdi ki, insan nə qədər zalım və qəddar ola bilər. Qocaya, cavana, hətta südəmər körpəyə belə rəhm edilmədi. Günlərlə onlara su verilmədi. Bu, tarixdə zülmün və qəddarlığın ən ağır nümunələrindən biri kimi yadda qaldı. Məhz buna görə də bu tarixi bilən hər bir insan Peyğəmbər ailəsinə qarşı törədilmiş bu faciəyə biganə qala bilmir. İmam Hüseyni sevən, Peyğəmbər ailəsinə hörmət bəsləyən insanlar hər il Aşura gününü ehtiramla yad edir və bu xatirəni yaşadırlar”.

F.Nurullayevin sözlərinə görə, Aşurada təkcə İmam Hüseynin şəhadəti yad edilmir:

“Hər bir xalqın öz şəhidləri, qəhrəmanları, mübarizə və zəfər yolu var. Azərbaycan xalqı da öz övladlarına İmam Hüseynin haqq, ədalət və azadlıq uğrunda mübarizə məktəbini örnək göstərib. Xalqımız bu məktəbdən dərs alaraq öz dövlətçiliyi, müstəqilliyi və torpaqlarının azadlığı uğrunda daim mübarizə aparıb. Qarabağın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimiz bunun ən bariz nümunəsidir”.

Müsahibimiz deyib ki, Aşuranın fəlsəfəsi azadlıq və haqq uğrunda mübarizədir:

“Dünyanın azadlıqsevər insanları bu məktəbdən bəhrələnirlər. Tarixdə qeyd olunur ki, Hindistanın mənəvi lideri Mahatma Qandi də azadlıq mübarizəsində İmam Hüseyn məktəbindən ilham aldığını ifadə edib. Bəli, Aşuranın fəlsəfəsində azadlıq, ləyaqət və hürriyyət dayanır. İnsan ruhən və mənən azaddırsa, həm bu dünyada, həm də axirətdə xoşbəxtdir. Uca Allah Qurani-Kərimdə buyurur ki, şəhidlərə ölü deməyin. Onlar diridirlər və Allahın nemətlərindən bəhrələnirlər. Vətənin, namusun və qeyrətin yolunda canından keçməyə hazır olan insanlar bu məktəbi yaxşı tanıyırlar. Hansı xalq bu məktəbi layiqincə dərk edirsə, o xalqın gələcəyi də var, azadlığı da var. Azərbaycan xalqı bunu öz qəhrəman övladlarının fədakarlığı ilə sübut edib. Bu gün dövlətimizin bayrağı azad səmalarda dalğalanırsa, bunda şəhidlərimizin böyük payı var. Allah İmam Hüseynə, Kərbəla şəhidlərinə və Azərbaycanın bütün şəhidlərinə rəhmət eləsin. Ruhları şad olsun. Allah-Təala bizi bu mübarək ayın və Aşura gününün savabından məhrum etməsin”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: