6a3ab5f42fc5d6a3ab5f42fc5e17822325646a3ab5f42fc5b6a3ab5f42fc5c 13

Aşura günü ilə bağlı hər il müxtəlif dini və ictimai müzakirələr aparılır. Xüsusilə də bəzi insanlar bu gün səhər saatlarından günortayadək ev təmizləməyin, çimməyin, hətta sabundan istifadə etməyin düzgün olmadığını iddia edirlər. Bu qadağaların bir qismi dini ənənə kimi təqdim edilsə də, onların hansı mənbəyə əsaslandığı barədə aydın izah verilmir.

Bəs Aşura günü doğrudanmı çimmək, evi təmizləmək və ya sabundan istifadə etmək olmaz? Bu inancların dini əsası varmı, yoxsa sonradan formalaşmış xalq adətləridir?

Globalinfo.az-a danışan ilahiyyatçı Azər Sani deyib ki, Aşura günü sabunla əl yumağın, çimməyin və ya təmizlik işləri görməyin qadağan olması ilə bağlı dini baxımdan etibarlı bir hökm yoxdur:

“Belə bir qadağa şəriətdə mövcud deyil. Keçmişdə bəzi nənə və babalarımız ehtiram əlaməti olaraq günorta namazına qədər dişlərini yumaz, ətir vurmaz və bəzi şəxsi təmizlik işlərini təxirə salardılar. Bu, yalnız İmam Hüseyn və Əhli-beyt şəhidlərinin müsibətinə hörmət və hüzn ifadəsi idi. Yəni bu, insanların öz sevgisini və ehtiramını nümayiş etdirməsinin bir forması idi”.

Azər Sani bildirib ki, Aşura günü əl yumaqda qəbahət yoxdur:

“Necə ki, insan ən əzizini itirdiyi gün bəzən gündəlik rahatlığı və şəxsi qayğıları düşünmür, onlar da bu hisslərini bu cür ifadə edirdilər. Lakin bu, dini hökm deyil, zamanla formalaşmış bir adətdir. Buna görə də Aşura günü əlini yuyan, sabundan istifadə edən, çimən və ya digər təmizlik işlərini görən şəxs haram iş görmüş sayılmır və bunun günah olduğuna dair şəri dəlil yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: