İranlı bloger Fatimə Şirazinin Bakı ilə bağlı səsləndirdiyi fikirlər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Belə ki, blogerin Bakını vaxtilə İranın əyaləti kimi təqdim etməsi və video boyunca Azərbaycan adını çəkməməsi tənqid obyektinə çevrilib. İstifadəçilər bunu ölkənin ərazi bütövlüyünə və dövlətçiliyinə qarşı yönəlmiş mövqe kimi qiymətləndirib. Sosial şəbəkələrdə belə fikirlər səsləndirən xarici blogerlərin Azərbaycana girişinə məhdudiyyət qoyulması ilə bağlı çağırışlar edilir.
Fatimə Şirazinin Azərbaycana girişi qadağan oluna bilərmi? Bu, qanunvericilikdə necə tənzimlənir?
Globalinfo.az-a danışan hüquqşünas Ellada Bayramova deyib ki, bu məsələyə emosional müstəvidən daha çox hüquqi və dövlət təhlükəsizliyi baxımından yanaşmaq lazımdır:
“Hüquqi dövlət prinsipi tələb edir ki, hər hansı şəxsə münasibətdə məhdudiyyətlər yalnız qanunla müəyyən edilmiş əsaslar olduqda tətbiq edilsin. Beynəlxalq hüququn əsas prinsiplərinə görə hər bir dövlət öz ərazisinə əcnəbilərin daxil olub-olmamasını müəyyən etmək hüququna malikdir. Bu prinsip BMT Nizamnaməsində təsbit olunmuş dövlət suverenliyi prinsipindən irəli gəlir və beynəlxalq hüququn ümumtanınmış normalarından hesab olunur. İranlı blogerin Bakının guya “İranın əyaləti olması” barədə səsləndirdiyi fikirlər tarixi-hüquqi baxımdan da obyektiv dəyərləndirmə tələb edir. Tarixdən məlumdur ki, XIX əsrin əvvəllərində Rusiya–İran müharibələrinin nəticəsində bağlanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Cənubi Qafqazın böyük hissəsi üzərində İranın suverenliyi hüquqi baxımdan sona çatıb. 1813-cü il Gülüstan müqaviləsinə əsasən Qarabağ, Gəncə, Şəki, Şirvan, Quba, Bakı və digər xanlıqlar üzərində İranın iddiaları rəsmən dayandırılıb. 1828-ci il Türkmənçay müqaviləsi ilə isə İrəvan və Naxçıvan xanlıqları da İranın hakimiyyətindən çıxıb və həmin dövr üçün yeni hüquqi-siyasi reallıq formalaşıb. Bu səbəbdən müasir beynəlxalq hüquq baxımından Bakının İranın ərazisi və ya əyaləti olması barədə iddiaların hüquqi əsası yoxdur. Müasir dövlət sərhədləri, suverenlik məsələləri dövlətlərin qarşılıqlı tanınması, beynəlxalq müqavilələr və BMT Nizamnaməsinin prinsipləri əsasında müəyyən edilir”.
Ellada Bayramova
Hüquqşünas bildirib ki, hər hansı əcnəbinin Azərbaycan haqqında səsləndirdiyi fikirlər avtomatik olaraq ona giriş qadağasının tətbiqinə əsas vermir:
“Əgər blogerin çıxışları tarixi mülahizə çərçivəsini aşaraq Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, milli təhlükəsizliyinə və dövlət maraqlarına qarşı yönəlmiş sistemli təbliğat xarakteri daşıyırsa, səlahiyyətli dövlət orqanları Miqrasiya Məcəlləsinin müvafiq müddəalarına əsasən onun ölkəyə girişini məhdudlaşdıra və ya qadağan edə bilərlər. Azərbaycan suveren dövlət kimi milli təhlükəsizlik, ictimai asayiş və dövlət maraqlarının qorunması məqsədilə əcnəbilərin ölkəyə girişinə məhdudiyyət tətbiq etmək hüququna malikdir. Lakin belə hallarda qərarlar sosial şəbəkələrdəki çağırışlar əsasında deyil, səlahiyyətli dövlət qurumlarının hüquqi qiymətləndirməsi nəticəsində qəbul olunur. Beynəlxalq praktikada da milli maraqlara zidd fəaliyyət göstərən xarici şəxslərə giriş qadağasının tətbiqi geniş yayılmış təcrübədir”.
Ləman İmran
Globalinfo.az