“Həm baxımlılıq, həm də məhsuldarlığına görə çox maraqlı turnir izləyirik. Heyətində ulduz futbolçular olan, yüksək formada çıxış edən milli komandalar var və onların əksəriyyəti haqlı olaraq favoritlər sırasında göstərilir”.
Bu sözləri Globalinfo.az-a idman jurnalisti İsmayıl Abdullayev deyib.
O bildirib ki, bu mundial əvvəlkilərdən köklü şəkildə fərqlənir:
“Lionel Messi bu yaşında beş qol vurub. Harri Keyn, Kilian Embappe, Erlinq Haaland kimi futbolçular da məhsuldar çıxış edirlər. Kriştiano Ronaldo da iki qol vuraraq yenidən diqqət mərkəzinə düşdü.
Bu mundial göstərdi ki, hətta debütant komandalar belə çox yaxşı təsir bağışlayırlar. Onlar artıq təkcə sürpriz etmirlər, həm də futbol ictimaiyyətini heyrətləndirirlər. Haiti, İordaniya və digər komandaların çıxışları bunun bariz nümunəsidir”.
İsmayıl Abdullayev deyib ki, Ronaldo da, Messi də futbol tarixinin canlı əfsanələridir:
“Biz onların karyeralarının son mərhələsini izləyirik. Bir tərəfdən kədərlidir ki, bu böyük era sona yaxınlaşır, digər tərəfdən isə özümüzü xoşbəxt nəsil hesab edə bilərik. Çünki uzun illər ərzində onların həm klub, həm də milli komanda səviyyəsindəki möhtəşəm rəqabətinin şahidi olmuşuq. Xüsusilə idman mediasında çalışan insanlar üçün bu, ayrıca qürur mənbəyidir. Çünki biz yalnız onların oyunlarını izləməmişik, eyni zamanda həmin qarşılaşmaları şərh etmiş, bu böyük futbol erasını yaxından yaşamışıq.
Çox istərdim ki, bu mundialda Messi və Ronaldo yenidən üz-üzə gəlsinlər. Bildiyim qədər, Ronaldoya da bu barədə sual verilib və o, belə bir qarşılaşmanın möhtəşəm olacağını bildirib. Mən də eyni fikirdəyəm. Əgər turnirin gedişatı buna imkan versə, belə bir qarşılaşma yarımfinal mərhələsində baş tuta bilər. Təsəvvür edin: Messi və Ronaldo son dünya çempionatlarını keçirirlər və karyeralarının son illərində bir daha üz-üzə gəlirlər. Bu, dünya futbol tarixində bəlkə də finaldan daha çox maraq doğuran hadisəyə çevrilə bilər”.
Zaira Akifqızı
Globalinfo.az