Vəziyyət ağırlaşır: qızılca ölkəni bürüyür – Məşhur həkim çıxış yolunu göstərdi

Bir neçə gündür ki, ölkədə qızılca xəstəliyi hökm sürür. Bu gün Bakıda A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində 1-ci sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub. Bundan öncə isə digər məktəbdə şagird vəfat etmişdi.

Bu xəstəliklə bağlı hansı tədbirlər görmək mümkündür?

Mövzunu Globalinfo.az-a şərh edən təbii üsullarla müalicə mütəxəssisi kimi tanınan doktor Seyfəddin Əsəd deyib ki, qızılcanın qarşısının alınmasının yeganə yolu zamanında peyvənd olunmaqdır.

Onun sözlərinə görə, peyvənd olunanlar bu xəstəliyi yüngül keçirmiş olurlar:

“Peyvənddən üst heç nə yoxdur. Sovet dönəmində vaksinlər məcburi idi deyə, hər kəs vaxtında önləyici tədbir görmüş olurdu. Bu gün isə sosial şəbəkələrdə çıxıb deyirlər ki, guya bu, qızılca deyil, vaksin vurdurmaq olmaz. Peyvənd vurduran insanlar qızılcaya yoluxan zaman onu rahat keçirirlər. Hətta peyvənd olunmayan adam tanıyırdım ki, qızılca xəstəliyindən gözləri tutulmuşdu, üz dərisində səpkilər əmələ gəlmişdi. İndi yalandan peyvəndin təhlükəli olduğuna dair təbliğat aparılır. İnsanlar qorxur, vaksin vurdurmur və nəticəsi də ağır olur”.

Seyfəddin Əsəd

Doktor deyib ki, qızılcaya yoluxmamaq üçün insanlar mütləq özlərini qorumalıdırlar:

“Bir dəfə qızılcaya yoluxanlar, ikinci dəfə yoluxmurlar. Amma yoluxmayanlar mütləq maskadan istifadə etməli, əllərini yumalı, məsafə saxlamalı və sağlam qidalanmalıdırlar. İmmuniteti güclü olan şəxslər bu xəstəliyi yüngül keçirirlər”.

Zaira Akifqızı
Globalinfo.az