ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens bu həftə Ermənistan və Azərbaycana səfər edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Senatının Beynəlxalq Münasibətlər Komitəsində keçirilən dinləmələrdə respublikaçı senator Stiven Deyns məlumat yayıb.
Bildirib ki, Vens Qış Olimpiya Oyunlarının açılış mərasimində iştirak edəcək, sonra isə Cənubi Qafqaza gələcək:
“Ermənistan və Azərbaycan arasında imzalanacaq sülh sazişi enerji sahəsi də daxil olmaqla şərq-qərb istiqamətli axını açır. Bu, Avropa və Qərbə enerji resurslarının daşınması üçün alternativ marşrut yaratmaq baxımından strateji əhəmiyyətlidir. Həmin səfər çərçivəsində sözügedən məsələlərin müzakirəsi də gözlənilir”.
Deyns ABŞ-ın keçmiş prezident müşaviri Zbiqnev Bjezinskinin sözlərinə istinad edərək, Qafqazı “tıxac”, Mərkəzi Asiyanı isə “şərab şüşəsi” ilə müqayisə edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın vitse-prezident Vensə Ermənistanla Azərbaycan arasında sülh sazişi üzərində işi davam etdirməyi tapşırdığına dair xəbərlər də yayılıb.
Safura Bənnayeva
Globalinfo.az