Azərbaycan dünyanın aparıcı enerji istehsalçılarından biri kimi ABŞ üçün mühüm strateji tərəfdaş hesab olunur.
Globalinfo.az xəbər verir ki, ABŞ Dövlət Katibinin İqtisadi, Enerji və Biznes Məsələləri üzrə köməkçisi Keleb Orrun sözlərinə görə, Vaşinqton Bakı ilə əməkdaşlıqdan ciddi fayda əldə edir və bu münasibətlərin qarşıdakı illərdə daha da genişlənəcəyinə inanır.
Orr bildirib ki, ABŞ və Azərbaycan arasında əlaqələr Vaşinqtonun xarici siyasətində prioritet istiqamətlərdən biridir. Belə ki, iki ölkə arasındakı iqtisadi əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə qədəm qoyub və mövcud dinamika münasibətlərin gələcəkdə daha da dərinləşəcəyindən xəbər verir.
Diplomat qeyd edib ki, tərəflər regional sülhün möhkəmləndirilməsi, enerji təhlükəsizliyinin təmin olunması, ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal transformasiya və infrastruktur layihələrinin inkişafı istiqamətlərində əməkdaşlığı artırmaq niyyətindədirlər.
Bu açıqlamalar göstərir ki, Vaşinqtonun Bakıya marağı yalnız enerji sahəsi ilə məhdudlaşmır. Azərbaycan həm də regional nəqliyyat qovşağı, yeni texnologiyalar üçün perspektivli tərəfdaş və geoiqtisadi baxımdan mühüm ölkə kimi ABŞ-ın diqqət mərkəzindədir. Bu isə iki ölkə arasında əməkdaşlığın gələcəkdə daha geniş və çoxşaxəli xarakter alacağını göstərir.
Əliyar Xəlil