Vasif Talıbov hakimiyyəti belə ələ keçirəcəkmiş: vitse-prezident olur, ardınca… – ŞOK DETALLAR

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasına gətirən səbəblərlə bağlı yeni sensasion iddialar ortaya çıxmaqdadır.

Globalinfo.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Naxçıvanın sabiq rəhbəri muxtar respublikanın müstəqil elan edilməsi planlarına başlamazdan əvvəl qarşısına daha böyük hədəf – Azərbaycanda hakimiyyəti ələ keçirməyi qoyub.

Mənbə bildirir ki, bu yolda ona Azərbaycan dövlət orqanlarına sızmış və yüksək postlarda vəzifə tutmuş “5-ci kolon”un nümayəndələri də kömək edəcəkdi.

Hər şey əvvəlcədən hazırlanmış plan üzrə cərəyan etməli idi.

Mənbənin bildirdiyinə görə, ilkin mərhələdə V.Talıbov Azərbaycanın Baş naziri olmağı hədəfləyib. 2002-ci ilin iyul ayında keçirilən referendumdan sonra konstitusiya ilə baş nazir vəzifəsi dövlətdə ikinci post oldu. Buna qədər isə Prezidentdən sonra Milli Məclis sədri postu dövlətin ikinci ali vəzifəsi sayılırdı. Mərhum Prezident Heydər Əliyevin zamanında bu arzusunu həyata keçirə bilməyən V.Talıbov 2003-cü ildən sonra həmin post uğrunda ciddi fəaliyyətə keçib.

Xatırladaq ki, 2002-ci ildən sonra baş nazir olmaq istəyən şəxslər haqda ölkə mətbuatında çox yazılıb. Bir vaxtlar bu, qəzetlərin əsas mövzularından idi. “Filan nazir baş nazir olmaq üçün hərəkətə keçdi” – təxminən bu yöndə manşetləri çox oxumuşuq. O manşet yazılarında Vasif Talıbovun da adına tez-tez rast gəlmək olurdu. Dövlət rəhbərliyi isə yaşlı və təcrübəli Artur Rasizadəni yerindən tərpətmirdi…

2016-cı ilin sentyabrında Azərbaycanda növbəti referendum keçirildi. Bu referendumdan sonra Birinci vitse-prezidentlik institutu yaradıldı. Həmin tarixdən etibarən ən ali ikinci dövlət vəzifəsi bu oldu.

2017-ci ilin əvvəlindən başlayaraq Vasif Talıbovun vitse-prezident olacağı məlumatları yayılmağa başlamışdı. Onun da təmsil olunduğu klan üzvləri – deputatlar, icra başçıları, digər vəzifəli şəxslər – Vasif Talıbovun tezliklə Bakıya gələcəyi, yeni vəzifə tutacağı barədə xəbərləri jurnalistlərə ötürürdülər. Hətta elə icra başçıları, deputatlar olub, Vasif Talıbovu “yeni vəzifə” münasibətilə təbrik ediblər, ona teleqram vurub, mesaj yazıblar. Talıbovu özünün mənəvi-siyasi ağsaqqalı hesab edən deputatlar, icra başçıları, başqa yüksəkvəzifəli məmurlar hazırda qorxu, təlaş içində prosesləri izləməkdədirlər.

Mənbənin bildirdiyinə görə, Ramiz Mehdiyev Vasif Talıbovun yeni yaradılmış ali dövlət vəzifəsini tutmasında çox maraqlı olub. O, yenilənən hakimiyyət institutunun köhnə qvardiyanın nəzarətindən çıxmaması üçün var gücü ilə çalışıb. Xatırladaq ki, ilk vaxtlarda Birinci vitse-prezidentdən başqa iki vitse-prezident postunun yaradılacağı planlaşdırılıb. Bu barədə həmin dövrdə mətbuatda da yazılar, şərhlər gedirdi. Vasif Talıbovun adı ən şanslı namizədlər sırasında hallanırdı. O özünü daha üst vəzifədə görürdü.

Bu mövzuda Globalinfo.az-ı məlumatlandıran mənbəmiz bildirir ki, Talıbovun sonrakı planı isə belə olub: Naxçıvan MR-in sədrliyi vəzifəsindən istefa verib, yerinə güvəndiyi bir şəxsi, deyilənə görə, oğullarından birini qoymaq. Paralel olaraq da özü Azərbaycanda yüksək ali vəzifəyə gələcəkdi.

İddia edilir ki, V.Talıbov bunun üçün Prezident İlham Əliyevin etibar etdiyi bəzi yüksəkvəzifəli məmurlar tərəfindən – əsasən də Ramiz Mehdiyev – dəstəklənəcəkdi.

Lakin Prezident İlham Əliyevin sərrast müşahidə qabiliyyəti, prosesləri oxumaq bacarığı və siyasi zəkası Azərbaycanı çıxılmaz dalana salmaq istəyən “5-ci kolon”un bu planlarının üstündən xətt çəkdi. 2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin gözlənilməz şəkildə Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi haqda Sərəncam imzalamasının pərdəarxası məqamları yavaş-yavaş aydın olmaqdadır. Prezident bu Sərəncamla təkcə öz siyasi dayaqlarını möhkəmlətmədi, həm də ölkənin başının üstünü alan qara buludları dağıtdı.

İlham Əliyev 2018-ci ilin aprel ayından başlayaraq ölkədə köklü kadr dəyişikliklərinə start verdi. Gerilikçi, “5-ci kolon” nümayəndələri yüksək vəzifələrdən çıxarıldı. Onların yerinə gənc, intellektual, xaricdə təhsil almış, bir neçə xarici dildə danışmağı bacaran və ən əsası da vətənpərvər gənclər gətirildi. Bu dəyişikliyin nə demək olduğunu 2020-ci ilin 27 sentyabr-9 noyabr aralığında dəqiqliyi ilə anladıq. 44 günlük Vətən müharibəsi zamanı Mehdiyev-Talıbov tandemi, bu klana daxil olan məmurlar, generalitet ölkə və ordu üçün hansı xain planları icra edə bilərdilər, indi-indi aydın olur.

Ramiz Mehdiyevin 2021-ci ilin sentyabr ayında yaydığı açıqlamaları yəqin ki, çoxları xatırlayır. O tezislər onun dilinə, qələminə, düşüncəsinə birdən gəlməyib. Dövlətə qarşı planın əsas hissələrindən bir neçəsi həmin açıqlamaların sətirlərindən boylanır.

Dövlət növbəti fəlakətin eşiyindən dönüb. Vasif Talıbovla bağlı rəftar, ona olan münasibət deməyə əsas verir ki, bu adam böyük xəyanətin içində yer alıb. Adətən yüksək vəzifə tutan şəxs, xüsusilə də keçmişdə böyük xidmətləri olan məmur işdən hörmətlə, mükafatlandırılaraq yola salınır. V.Talıbova bağlı bu nümunəni görmədik. Böyük ehtimalla görməyəcəyik də.

Prezident İlham Əliyevin qətiyyəti, bir neçə gedişi öncədən görüb hesablaya bilmək bacarığı dövləti və xalqı xain plandan qurtarıb.

Hazırda da böyük təmizləmə işləri davam edir. Azərbaycanın qarşısında böyük hədəflər var. Qarabağın düşməndə qalan az bir hissəsi azad edilməli, Zəngəzur dəhlizi açılmalıdır. Rusiyanın, İranın təhdidlərinə sinə gərilməli, bəzi Avropa ölkələrinin Ermənistana açıq dəstəyi neytrallaşdırılmalı, Ermənistanın revanşizmi bu və ya başqa formada durdurulmalı və nəhayət, sülh müqaviləsi imzalanmalıdır. Bütün bunlar üçün dövlətin sağlamlaşdırılmasına böyük ehtiyac var idi. 2019-cu ilin oktyabrındakı “ağ inqilab”dan sonra Prezident İlham Əliyev növbəti vacib addımlara getdi.

Hər şeyin Azərbaycan üçün yaxşı olması üçün daha çox çalışmağa ehtiyac var. İlham Əliyevin ən böyük silahı, gücü odur ki, xalq onu tərəddüdsüz dəstəkləyir, inanır və sevir. Yoxsa bu qədər çeşidli xain planlarda ölkəni xilas etmək çətin olardı.

Globalinfo.az
Xəbər xidməti