Gemini Generated Image dc7jdsdc7jdsdc7j

“Vaqifin vəziyyəti yaxşı deyil, komadadır. Hazırda reanimasiya şöbəsinin qarşısında dayanmışıq, Allaha dua edirik, yalvarırıq ki, ona kömək olsun. Vaqif çox yaxşı insandır, mənim də dostumdur, sənətkardır”.

Bu sözləri Globalinfo.az-a müğənni İzzət Bağırov həmkarı Vaqif Şıxəliyevin komaya düşməsi haqda danışarkən deyib
O, hadisənin dünən baş verdiyini bildirib:

“Burada övladları, həyat yoldaşı və bütün yaxınları dayanıb. Hamısı çox məyusdur, ağlayırlar. Müğənnilərdən mən, Manaf Ağayev və Niyam Salami buradadır. Hamımız gözləyirik ki, reanimasiyanın qapısı açılanda həkimlər bizə hansı xəbəri verəcəklər. Təki şad xəbər eşidək, gözünü açdığını, ayıldığını deyələr”.

İzzət Bağırov müğənni ilə bir müddət əvvəl danışdığını qeyd edib:

“Üç-dörd gün əvvəl Vaqiflə danışmışdım. Həmin vaxt özünü yaxşı hiss edirdi. Bir onu deyirdi ki, ürəyində spazma var. Xəstəxanada kardioloq müayinəsindən keçmişdi, həkimlər də bunun spazma və stresslə bağlı olduğunu bildirmişdilər. Ona narahat olmamağı tövsiyə etmişdilər. Çünki onun ürəyində daha öncədən problem var idi, stend yerləşdirmişdilər. Dünən isə evdə qəfil komaya düşüb və xəstəxanaya gətirilib. Gətiriləndən bəri komadadır, hələ ayılmayıb. Ailəsi bu gün ürəyinə yenidən stend qoyulduğunu bildirir. Hazırda beyninin fəaliyyəti ilə bağlı da vəziyyətin ağır olduğu deyilir. Adam deməyə də çətinlik çəkir, amma deyirlər beyni yatıb. İndi gözləyirik, görək hansı xəbər gələcək. Allahdan arzumuz budur ki, bizə şad xəbər versin. Amin!”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: