Valideynlər övladlarına görə məsuliyyətə cəlb ediləcək?

Son vaxtlar məktəblilər arasında baş verən hadisələr şagirdlərin davranışına nəzarəti bir daha gündəmə gətirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində məktəblilərin qeyri-etik davranışları ilə bağlı xüsusi cəza mexanizmlərinin yaradılmasının nəzərdə tutulduğunu deyib.

Maraqlıdır, hansı cəza tədbirlərinə ehtiyac var?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda 4432 orta ümumtəhsil məktəbində 1.6 milyon şagird təhsil alır:

“1693 uşaq bağçasında 123 minə yaxın uşaq təlim-tərbiyə prosesinə cəlb edilib. Son günlər istər uşaq bağçalarında azyaşlılara qarşı fiziki zorakılıq, həmçinin ümumtəhsil məktəblərində şagirdlərdən birinin digərini bullinqə məruz qoyması, yaxud da digər uyğunsuz davranışlarla bağlı mütəmadi faktları müşahidə edirik. Bu onu göstərir ki, hər iki müəssisədə şagirdlərin etik davranış qaydaları ilə bağlı müəyyən tənzimləmə çərçivə sənədlərinə ehtiyac var. Doğrudur, pilot layihə olaraq Elm və Təhsil Nazirliyi məktəblərdə şagird davranışlarını tənzimləyən hüququ bazanı hazırlayıb”.

Ekspert bu prosesə valideynlərin də cəlb edilməsini vacib hesab edir:

“Uşaqlar arasında bullinq halları, fiziki zorakılığın olması ilə bağlı cəza tədbirlərini mütləq şəkildə tətbiq etməliyik. Şagirdlərin davranış qaydaları, bu davranış pozuntularına görə konkret göstərişlər olmalıdır. Yəni hansı halda hansı cəza tədbirləri görülməlidir. Çətin tərbiyə olunan uşaqların internat məktəbinə cəlb edilməsi, onlara qarşı hər hansı fiziki zorakılığın törədilməsi halında, digər bu tipli yerlərə cəlbi ilə bağlı qanunda müəyyən məsələlər nəzərdə tutulmalıdır. Bu istiqamətdə boşluqlar var. Valideynlər prosesin tərkib hissəsinə daxil edilməlidir. Hər hansı pozuntu olduqda valideynlər məsuliyyətdən kənarda qalmasın”.

Safura Bənnayeva
Globalinfo.az