“Vəziyyət gərgindir, hərbi əməliyyatlar olacaq” – Politoloq

“ABŞ-la İran arasında Vyanada keçirilən nüvə danışıqları dayanıb. Buna səbəb İranın Rusiyaya hərbi yardımı və Qərb blokuna qarşı Kremlin yanında yer almasıdır. Məsələnin digər tərəfi isə SEPAH-ın Qərblə nüvə danışıqlarının əleyhinə olmasıdır”.

Globalinfo.az bildirir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, 2015-ci ildə ABŞ başda olmaqla Altılıq ölkələri arasında İranla hərtərəfli nüvə sazişi bağlanmışdı:

“2017-ci ildə Tramp prezident seçiləndən sonra İranla nüvə sazişindən birtərəfli olaraq çıxdı. Prezident Co Bayden İranla nüvə danışıqlarının bərpası və müqavilənin bağlanmasına çalışmasına baxmayaraq, Tehranın danışıqlarda güzəştə getməməsi, xüsusilə SEPAH-ın bu məsələdə siyasi rəhbərliyə təsiri nəticəsində danışıqlar prosesi tənəzzülə uğradı.

Rusiyanın Ukraynada məğlubiyyəti, İsraildə B.Netanyahunun hakimiyyətə gəlməsi, ABŞ-da aralıq seçkilərində Respublikaçıların üstünlük əldə etməsi, İrana qarşı hərbi əməliyyatların aparılmasını labüd edə bilər. Çünki İranın aqressiv siyasəti, nüvə danışıqlarından geri çəkilməsi B.Netanyahunun hərbi addımlar atmasına gətirə bilər. Bu hərbi əməliyyatlar İranın nüvə obyektləri, hərbi bazaları və neft mədənlərini hədəfə alacaq. İran ətrafında proseslər dramatikləşir və yaxın perspektivdə hərbi əməliyyatlar gözlənilir”.

Turan Rzayev
Globalinfo.az