orta dehliz 111111123111

Azərbaycanla Çin arasında münasibətlər son dövrdə yeni inkişaf mərhələsinə qədəm qoyub. Xüsusilə 2025-ci ildə Prezident İlham Əliyevin Çinə səfəri və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulması haqqında Birgə Bəyanatın imzalanması əməkdaşlığın bütün istiqamətlər üzrə genişlənməsinə mühüm təkan verib. Hazırda Bakı ilə Pekin arasında siyasi dialoqla yanaşı, iqtisadi, investisiya və nəqliyyat-logistika sahələrində də əlaqələr sürətlə inkişaf edir.

Məhz bu məsələlər IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində də diqqət mərkəzində olub. Prezident İlham Əliyev çıxışında Azərbaycan-Çin münasibətlərinin inkişafı, ölkənin nəqliyyat imkanları və dəyişən qlobal şəraitdə Orta Dəhlizin artan rolu ilə bağlı mühüm məqamlara toxunub.

Globalinfo.az-a danışan Ədalət Partiyasının sədri, siyasi şərhçi Mütəllim Rəhimli deyib ki, Azərbaycan-Çin münasibətlərinin inkişafı ölkələrimiz arasında əməkdaşlığın ikitərəfli iqtisadi münasibətlər çərçivəsini aşdığını göstərir:

“İki dövlət arasındakı əaqələr artıq daha geniş geosiyasi və geoiqtisadi məkanı əhatə edir. 2025-ci ildə Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində Birgə Bəyanatın imzalanması bu münasibətlərin yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Bu sənəd siyasi dialoqun, iqtisadi əməkdaşlığın, nəqliyyat-logistika layihələrinin və investisiya imkanlarının daha da genişlənməsi üçün yeni əsas yaradır.

Hazırda Çin Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biridir. Xüsusilə yaşıl enerji, sənaye, rəqəmsal texnologiyalar, nəqliyyat və logistika sahələrində Çin şirkətlərinin Azərbaycana marağı artır. Bu, bir tərəfdən ölkəyə xarici investisiyaların cəlb olunmasına, digər tərəfdən isə Azərbaycanın regional istehsal və logistika mərkəzinə çevrilməsinə xidmət edir.

Əməkdaşlığın ən mühüm istiqamətlərindən biri Orta Dəhlizdir. Son illərdə Azərbaycan üzərindən Çindən Avropaya daşınan yüklərin həcmi artıb. Eyni zamanda, Azərbaycanın idxal və ixrac əməliyyatlarında da Şərq ölkələrinin çəkisi artmaqdadır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti, Bakı-Tbilisi-Qars dəmir yolu, müasir avtomobil yollarının inşaası və logistika mərkəzlərinin yaradılması ölkəmizi etibarlı tranzit qovşaqlarından birinə çevirməkdədir”.

mutellim rehimov e1746520125131 900x725 2
Mütəllim Rəhimli

Siyasi şərhçi bildirib ki, ABŞ-İran münasibətlərində gərginliyin davam etməsi və Rusiya-Ukrayna müharibəsi ənənəvi nəqliyyat marşrutlarının təhlükəsizliyi ilə bağlı ciddi risklər yaradıb:

“Belə şəraitdə Orta Dəhliz həm siyasi, həm də iqtisadi baxımdan etibarlı marşrut kimi ön plana çıxır. Beynəlxalq yükdaşıma şirkətləri risklərin daha aşağı olduğu marşrutlara üstünlük verməyə çalışırlar ki, bu da Azərbaycanın tranzit potensialını daha da artırır.

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda bu məsələyə xüsusi diqqət yetirib. Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın məqsədi yalnız tranzit ölkə olmaq deyil, eyni zamanda beynəlxalq ticarət zəncirinin mühüm logistika və iqtisadi mərkəzlərdən birinə çevrilməkdir. Bunun üçün ölkəmizdə nəqliyyat infrastrukturunun genişləndirilməsi, logistika sistemlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl işlər aparılır.

Azərbaycan-Çin strateji tərəfdaşlığı ilə Orta Dəhlizin inkişafı bir-birini tamamlayan proseslərdir. Mövcud geosiyasi şərait bu marşrutun əhəmiyyətini daha da artırır. Qarşıdakı illərdə Azərbaycan-Çin əməkdaşlığının ölkəmizin beynəlxalq nüfuzunun möhkəmlənməsinə mühüm töhfə verəcəyi gözlənilir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: