Ukrayna müharibəsi ilə bağlı bədbin PROQNOZ

Ukrayna cəbhəsində savaş nisbətən səngiyib, amma hər iki tərəf daha genişmiqyaslı hərbi əməliyyatlara hazırlıq görür. Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi qüvvələrin komandanını növbəti dəfə dəyişib və Valeri Gerasimovu komandan təyin edib.

Qərb də hazırlıqlarını sürətləndirib. Müttəfiqlər müharibə dövründə Ukraynaya 2000 ədəd tank və zirehli texnika, əlavə olaraq 800 artilleriya sistemi, 2 milyon mərmi və milyardlarla dollar vəsait verib. Bir neçə gün öncə isə ABŞ Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayırıb. Paketə “Bradley” döyüş maşınları, özüyeriyən haubitsalar, yer-hava raketləri, digər avadanlıq və sursatların daxil olacağı gözlənilir. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin uzunmüddətli modernləşdirilməsinə 225 milyon dollar yönəldiləcək.

Prezident İlham Əliyev yerli kanallara müsahibəsi zamanı hazırda planetdə baş verənləri faktiki üçüncü dünya müharibəsi adlandırıb.

Bəs bu üzücü müharibənin sonu nə zaman gələcək?

Globalinfo.az-a danışan araşdırmaçı jurnalist Asif Nərimanlı bildirib ki, burada Şərq və Qərb cəbhələri savaşır. Bu isə yekunda yeni dünya nizamının formalaşmasına gətirib çıxaracaq:

“Rusiyanın əvvəlki dövrdə hədəfə nail olmadığını görürük. Fikrimcə, müharibənin uzanmasında həm Rusiyanın, həm də ABŞ-ın öz strateji maraqları var. Rusiyanın Kiyevin ətrafından çəkilməsini müharibənin uzadılması kimi də görmək olar.

Valeri Gerasimovun komandan təyin edilməsi Rusiyanın yeni planlarından xəbər verir. O, Rusiyada hibrid müharibənin atası sayılır və bu ölkənin müxtəlif bölgələrdə apardığı müharibələrin əsas ssenari müəllifidir. Bu səbəbdən hibrid müharibə daha da güclənə bilər, mövqe döyüşündən daha çox Ukrayna üçün həyati əhəmiyyətli hədəflərin vurulması baş verə bilər. Digər tərəfdən, daha ağır raketlərdən istifadə gözləntisi var. Bu iki ehtimal bir-birinə bağlıdır”.

A.Nərimanlı qeyd edib ki, bunun fonunda Ukrayna da ciddi hazırlaşır, ABŞ və Avropa ölkələri ona daha çox dəstək verirlər:

“Beynəlxalq ekspertlər də hesab edir ki, qarşıda daha ağır və həlledici döyüş ola bilər. Fikrimcə, bu zaman iki tərəfdən birinin qalib gələcəyi ehtimalı azdır. Bu, danışıqlar prosesinə başlamazdan öncə cəbhədə daha çox irəliləmək və masada əlini gücləndirmək üçün hesablanmış bir döyüş olacaq.

Rusiya istəyir ki, Donbası nəzarətə götürdükdən sonra masada əyləşsin. Ukrayna isə işğal olunmuş əraziləri azad etməklə müharibənin başladığı dövrə qədərki vəziyyətə gətirməyə çalışır. Qərb cəbhəsi Ukraynanın bir qədər də irəliləyib sonra masaya əyləşməsini və bununla Rusiyanın əlini zəiflətmək istəyir.

Fikrimcə, yekun qalibin olacağı inandırıcı deyil. Ən yaxşı halda, 2014-cü ildən sonrakı vəziyyət təkrarlana bilər, yəni tərəflər yenidən masaya oturur və təmas xətti yaranır. Amma yeni dünya nizamının formalaşması prosesi gedir və zaman-zaman razılaşma olsa da gərginlik daha sərt formada və uzun müddət olacaq”.

Gülnar Səlimova
Globalinfo.az