Ukrayna müharibəsi buna görə uzanır – ABŞ və Rusiyanın gizli planı

Yanvarın 24-də Rusiyanın Ukraynaya hücumundan 11 ötür. Müharibənin ilk günlərində prosesin tez bir zamanda yekunlaşacağına dair proqnozlar səsləndirilsə də, heç biri doğrulmadı. Artıq 1 ilə yaxındır ki, amansız savaş bütün şiddəti ilə davam edir.

Bəs müharibənin bu qədər uzanmasına hansı amillər səbəb oldu?

“Ukraynada müharibənin uzanması onu göstərir ki, Qərbin özündə belə fikir ayrılıqları var”.

Bu sözləri Globalinfo.az-a açıqlaması zamanı siyasi şərhçi Asif Nərimanlı deyib.

“Ukraynanın Rusiya işğalına qarşı bu qədər dirəniş göstərməsində Ukrayna xalqının əzmi ilə yanaşı, həm də Qərbdə daha çox Britaniyanın dəstəyi rol oynadı. Britaniya və ABŞ-ın bu müharibədə Rusiyanın zəiflədilməsilə bağlı ortaq mövqeyi olsa da müharibənin necə bitməsi ilə bağlı fikir ayrılıqları var. Rusiyanın Ukraynada üstünlüyü Britaniyanın Avrasiya planlarına zidd idi, amma mövcud dünya nizamını qoruyub saxlamaq baxımından ABŞ-a sərf edirdi”.

Asif Nərimanlı

A.Nərimanlı qeyd edib ki, əgər proses ABŞ-ın istədiyi formada davam etsəydi, bu məsələ indiyədək bitməli və masada həll olunmalı idi:

“Yeni soyuq müharibə şərtləri yaradılacaqdı. Rusiya müharibədən öncə NATO və ABŞ-a təhlükəsizlik müqaviləsi təklif etmişdi. Görünür, ABŞ təkqütblü dünya nizamını qorumaq qarşılığında Rusiyaya keçmiş MDB məkanında təsir qüvvələrinin tanınması və dünya gücü kimi qəbul edilməsini vəd edib. Plan bu kimi görünürdü. Müharibənin başlanması əslində Avropada Amerikanın mövcudluğunun təmin edilməsidir. Rusiya bu məsələdə Baydenə kömək edib dolayısı ilə dəstək vermiş oldu. Həmçinin Çinin genişlənməsinin qarşısını almaq üçün maraqları uzlaşır.

Rusiyanın Ukraynaya hücumu ingilislərin Avrasiya planlarına uyğun gəlmədiyi üçün Qərb ölkələrini daha çox birləşdirə bildilər. Ukraynanın da aktivliyi ilə proses uzandı”.

Onun sözlərinə görə, müharibənin uzanması dünyadakı siyasi qüvvələrin maraqlarının hələ də uzlaşmaması ilə bağlıdır:

“Almaniya və Fransanın timsalında Avropa, ABŞ və Britaniyanın öz toqquşan və uzlaşan marağı var. Burada həm də Çin faktoru var. Çin ingilislərlə ortaq maraqlara malikdir, həmçinin Fransa və Almaniya ilə birgə əməkdaşlığı var. Orta dəhlizin üzərində proses gedir”.

A.Nərimanlı deyib ki, müharibə yeni dünya nizamının formalaşması fonunda daha çox uzana bilər:

“Son proseslərdə Rusiya və Ukraynanın münaqişəni bir masada həll etməli olduğu deyilir. Burada Qərbin Ukraynanı nə qədər dəstəkləyə biləcəyi rol oynayacaq. Ukrayna silah-sursatın tükənməsi ilə üzləşib. Arestoviç istefasından sonrakı açıqlamalarında Ukrayna xalqının qalib gəlmək şansını itirdiyini deyib. Bu da Qərbin və Ukraynanın daxilində toqquşmalardan irəli gəlir. Avropada əsas güclü ordu Fransanındır. Silah tədarükü ilə bağlı bəyanatlar səsləndirsə də praktikada bunu etmir. Ukrayna ilə bağlı prosesin necə davam edəcəyi digər iştirakçıların mövqeyi və döyüş meydanındakı vəziyyətdən asılıdır”.

Gülnar Səlimova
Globalinfo.az