Ucarda sinif otağında qan töküldü: şagirdin barmaqları kəsildi – VİDEO / Yenilənib

sinif bos 1

Ucarda yeniyetmələr arasında insident baş verib.

Globalinfo.az xəbər verir ki, hadisə fevral ayının 4-də rayonun Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.

Belə ki, 9-cu sinif şagirdləri arasında yaranan mübahisə nəticəsində birinin kəsici alətlə xəsarət alması ilə nəticələnib.

“Hadisə baş verəndə işdə idim. Dedilər, gəl, nəvəni qan aparır. Ondan sonra uşağı götürüb xəstəxanaya apardım. Həkim dedi ki, barmaqları kəsilib. Əməliyyat olundu, hazırda evdədir. Heç bir yerə şikayət etməmişik, ayıbdır”, – xəsarət alan məktəblinin babası Əliniyaz Fərzəliyev bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, faktla bağlı Ucar Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar aparılır.

Araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ətraflı BakuTV-nin süjetində:


***12:12

Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Məlumata görə, ilkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. Pasient Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-də ambulator müalicə üçün evə buraxılıb.

***12:03

Ucar rayonunda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Globalinfo.az xəbər verir ki, hadisə rayon Rəstəcə kənd tam orta məktəbində qeydə alınıb.

Mərkəzi Aran Regoinal Təhsil İdarəsinin yaydığı məlumata görə, fevralın 4-ü saat 08:10 radələrində adıçəkilən məktəbin 9-cu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib.

Qeyd olunub ki, xəsarət alan şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.

Məlumata görə, şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, nəticə barədə ictimaiyyətə məlumat veriləcək.

***11:15

Ucarda məktəblinin sinif yoldaşını bıçaqlama hadisəsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

***10:36

Ucarda məktəbli sinif yoldaşına xəsarət yetirib.

Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib. Rəstəcə kənd tam orta məktəbin 9 -cı sinif şagirdi, 2009-cu il təvəllüdlü M. H. ilə sinif yoldaşı Q.H. arasında mübahisə dava ilə nəticələnib. Məktəbli sinif yoldaşına bıçaqla xəsarətlər yetirib.

Xəsarət alan şagird Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İlkin yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının dediyinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.