Çin lideri Si Cinpin 8-9 iyun tarixlərində Koreya Xalq Demokratik Respublikasına (KXDR) dövlət səfəri edəcək.
Məlumata görə, bu, onun 2019-cu ildən bəri Koreyaya ilk səfəridir.
Bildirilib ki, Si Pxenyanın Moskva ilə dərinləşən əlaqələri və nüvə silahlarının genişləndirilməsinin davam etməsi fonunda ittifaqı gücləndirmək üçün Kim Çen İnlə bir araya gələcək.
Globalinfo.az-a danışan politoloq Bakir Həsənbəyli deyib ki, Çin son illərdə KXDR ilə əlaqələri yenidən gücləndirməyə çalışır:
“Artan ticarət əlaqələri və sərhəddə qurulan yeni infrastruktur Pekinin Pxenyan üzərində ənənəvi təsirini bərpa etməyə çalışdığını göstərir. Proses ABŞ Prezidenti Donald Trampın KXDR lideri ilə danışıqları bərpa etmək istədiyi bir vaxtda baş verir. Bu səfər iki ölkə arasında yaxınlaşmanın rəmzi kimi qiymətləndirilməlidir. Səfər zamanı yəqin ki, Çin lideri iqtisadi komandasını da özü ilə aparacaq. Ticarət və investisiya məsələlərinin müzakirə edilməsi əsas ehtimallar arasındadır. Bir müddət öncə Çin səfiri iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu qeyd etmişdi. Pekin Şimali Koreyanın son illərdə Rusiyaya yaxınlaşmasından sonra regiondakı təsirini yenidən gücləndirmək istəyir. KXDR Rusiyaya hərbçi və silah göndərərək Prezident Vladimir Putinin Ukraynaya qarşı müharibəsinə dəstək verib, bunun müqabilində yanacaq və ərzaq əldə edib.
Çin və KXDR sərhəddə yeni yollar, liman obyektləri və logistika infrastrukturu tikir. 1350 kilometrlik sərhəd boyunca aparılan işlər iki ölkə arasında ticarət və nəqliyyat əlaqələrinin genişləndirilməsinə hazırlıq kimi qiymətləndirilir. Çinin Şimali Koreyaya ixracı ötən il 2,3 milyard dollara çataraq son altı ilin ən yüksək səviyyəsinə yüksəlib. Eyni zamanda, Çin bu ölkədən müxtəlif xammal və əmək tutumlu məhsullar idxal edir. Son illərdə parik, saxta kirpik və saxta saqqal kimi saç məhsulları Çinin bu ölkədən idxalının demək olar yarısını təşkil edir”.

Bakir Həsənbəyli
Ekspert deyib ki, Çin həmçinin raket və hərbi sənayedə istifadə olunan volfram və molibden kimi strateji metalları da Şimali Koreyadan alır:
“Bu ticarət Pekinə həm ucuz xammal əldə etməyə, həm də Şimali Koreya iqtisadiyyatını özündən asılı vəziyyətdə saxlamağa imkan verir. Bu yaxınlaşma ABŞ ilə mümkün danışıqlar fonunda da mühüm hesab olunur. Donald Tramp bir müddət əvvəl Çinə səfər etmişdi. Görüş zamanı o, Kim Çen In ilə yenidən görüşmək istədiyini bildirmişdi. Lakin Pxenyan ABŞ-la hər hansı danışıqlar formatında belə nüvə proqramından imtina tələblərini qəbul etməyəcəyini öncədən açıqladı.
Düşünürəm ki, Çin liderinin bu səfəri ABŞ-ın yeni dünya düzənində bir qütblülük prinsipinin pozulmasına da xidmət edəcək. Şimali Koreya lideri partiyanın xarici siyasətini təşəbbüskar və aqressiv aparmaq niyyətini vurğulayıb. Bundan əvvəl Kim Çen In ABŞ-a görə nüvə müharibəsinin baş vermə riski barədə məlumat vermişdi. KXDR liderinin aqressiv ritorikası Çinin əlini gücləndirəcək amillərdən biridir”.
Turan Rzayev
Globalinfo.az