
İran, Rusiya və Çin İrandakı nüvə obyektlərinə qarşı yeni hücumların həyata keçirilməyəcəyinə dair təminat tələb ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə İranın Vyanada beynəlxalq təşkilatlar yanında missiyasının yaydığı məlumatda bildirilib.
Üç ölkənin MAQATE-nin İdarə Heyətinə ünvanladığı birgə bəyanatda İranın agentliyin təminatları altında olan nüvə obyektlərinə əvvəlki hücumlar pislənib.
Bəyanatda həmçinin İrana qarşı yeni hücumlarla bağlı təhdidlərin davam etməsindən narahatlıq ifadə olunub. Tehran, Moskva və Pekin hesab edir ki, nüvə obyektlərinin təhlükəsizliyinə dair risklər aradan qaldırılmadan MAQATE-nin İranda öz yoxlama və monitorinq fəaliyyətini normal şəkildə həyata keçirməsi mümkün deyil.
Tahir Turan
Globalinfo.az