peskov 1 1 900x563 2

“Avropa İttifaqı Aİ) Rusiya ilə təmaslar üçün danışıqlar aparacaq nümayəndə təyin etmək istəyir, lakin bunu ya bacarmır, ya da qərar verməyə cəsarət etmir”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. 

“Bunu çətin ki, konstruktiv mövqe adlandırmaq olar. Onlar hələlik yalnız danışırlar, heç bir addım atmırlar”, – deyə o qeyd edib.

Peskov bu fikirləri Qərb mediasında Aİ adından Rusiya ilə nizamlanma danışıqlarını kimin apara biləcəyi barədə yayılan məlumatları şərh edərkən səsləndirib. 

Qeyd edək ki, Qərb mediasının məlumatına görə, Avropa İttifaqının Rusiya ilə mümkün danışıqlarda təmsilçisi kimi bir neçə namizədin adı müzakirə olunur. Onların arasında Finlandiya Prezidenti Aleksandr Stubb, Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas var.

Bundan əlavə, “The Telegraph” nəşrinin məlumatına əsasən, İtaliyanın Baş naziri Corcia Meloni, Çexiya Prezidenti Petr Pavel, Danimarkanın Baş naziri Mette Frederiksen və Norveçin Baş naziri Yonas Qar Störe də mümkün namizədlər sırasında göstərilib. Hələlik Aİ-nin rəsmi nümayəndəsi müəyyən edilməyib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: