Türkiyəli mərhum ilahiyyatçı Yaşar Nuri Öztürk vaxtilə televiziya proqramlarından birində zəm-zəm suyunun müqəddəs olmadığı haqda fikir söyləyib. Deyib ki, bu fikrin heç bir əsası yoxdur. İlahiyyatçının sözlərinə görə, bu suyun mənbəyi bəlkə də çoxdan quruyub. Bildirib ki, zəm-zəm adıyla satılan su başqa mənbələrdən – hətta dənizdən duzsuzlaşdırılaraq əldə edilir.
Həmçinin Quranda zəm-zəm suyunun müqəddəs olması ilə bağlı hər hansı göstərişin olmadığını vurğulayıb.
Bəs, doğrudanmı zəm-zəm suyu müqəddəs deyil? Bu su ilə bağlı yayılan iddiaların əsası varmı?
Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, tarixin dərinliklərindən bu günə qədər zəm-zəm suyuna qarşı zaman-zaman qeyri-adi təzyiq müşahidə olunub:
“Bu gün də həmin dəyərlərlə bağlı alternativ fikirlər səsləndirmək mümkündür. Ancaq hər şey deyilən kimi deyil, hər görüntü də həqiqəti əks etdirmir. Zəm-zəm suyunun tarixi Həzrət İbrahim əleyhissalamın dövrünə gedib çıxır. Məlum olduğu kimi, Həcər anamızın Səfa və Mərvə təpələri arasında gedib-gəlməsi, nəhayət, oğlu İsmayılın ayağının altından suyun çıxması ilə nəticələnib. Bu, bir möcüzə idi. Zəm-zəm min illərdir ki, ucsuz-bucaqsız səhranın ortasında axıb gələn sudur. Əlbəttə, onun digər sulardan fərqi var. Aparılan analizlər və tədqiqatlar da bu suyun təmizliyi ilə bağlı müxtəlif nəticələr ortaya qoyub. Bu məsələ dəfələrlə araşdırılıb”.
İlahiyyatçı qeyd edib ki, Məkkəyə hər gün milyonlarla zəvvar və ziyarətçi gəlir və onların zəm-zəm suyuna olan tələbatını yalnız quyunun hesabına ödəmək mümkün deyil:
“Bu qədər insanın suya olan tələbatını yalnız zəm-zəm quyusu hesabına ödəmək mümkün deyil. Buna görə də bu istiqamətdə səsləndirilən bəzi iddiaların reallığı əks etdirmədiyini nəzərə almaq lazımdır. Səudiyyə Ərəbistanında dəniz suyunun duzsuzlaşdırılması yolu ilə əldə edilən sudan da geniş istifadə olunur. Bu sudan müxtəlif texniki məqsədlərlə yararlanılır. İçməli su təminatında isə xüsusi emal və qablaşdırma sistemlərindən istifadə edilir”.
Ağa Hacıbəyli zəm-zəm suyunun digər təmizlənmiş və filtrlənmiş sularla qarışdırılması barədə də fikirlər səsləndirildiyini bildirib:
“Bu yanaşmaya görə, az miqdarda zəm-zəm suyunun başqa suya əlavə edilməsi həmin suya da bərəkət gətirir. Məsələnin digər tərəfi zəm-zəm suyunun dini baxımdan əhəmiyyəti ilə bağlıdır. Müqəddəs mətnlərimizdə onun ayrıca müqəddəslik statusu daşıması barədə ifadələrdən daha çox, bu suyun fəzilətinə dair rəvayətlərə diqqət yetirmək lazımdır. Zəm-zəm suyunun fəziləti ilə bağlı çoxsaylı hədislər mövcuddur. Xüsusilə vurğulamaq istərdim ki, Allah Rəsulunun (sallallahu əleyhi və səlləm) zəm-zəm suyu ilə bağlı xüsusi hədisləri var. Bu suyun müxtəlif xəstəliklərə şəfa olması və bərəkəti ilə bağlı rəvayətlər mövcuddur. Allah Rəsulu zəm-zəm suyunu mübarək su kimi təqdim edib”.
Ağa Hacıbəyli
İlahiyyatçı vurğulayıb ki, bu gün dünyada islamın mənəvi dəyərlərinə qarşı islamofobiya adı altında müəyyən hücumlar müşahidə olunur:
“Bu məsələ zaman-zaman ölkəmizin ali rəhbərliyi tərəfindən də vurğulanıb. Belə iddialar yayıla və müxtəlif nəşrlərdə yer ala bilər, lakin bu, onların həqiqəti əks etdirdiyi anlamına gəlmir. Zəm-zəm suyunun möcüzəvi tərəfi onun min illərdir mövcudluğunu qoruyub saxlaması ilə də əlaqələndirilir. Təxminən 30 metr dərinlikdə yerləşən quyudan əldə edilən bu suyun səhranın ortasında əsrlər boyu insanlara xidmət etməsi özü də diqqətəlayiq məqamdır”.
Ağa Hacıbəyli zəm-zəm sözünün mənasına da aydınlıq gətirib:
“Zəm-zəm sözü “dur, dur” mənasını verir. Rəvayətə görə, Həcər anamız oğlu İsmayılın ayağının altından su çıxdığını görəndə onun axıb getməməsi üçün “Zəm, zəm!” – yəni “Dur, dur!” deyə səslənib. Çünki həmin suya böyük ehtiyac var idi. Bəlkə də zəm-zəmi anlamaq üçün gözəl bir ana olmaq lazımdır. Bəlkə də onu anlamaq üçün gözəl bir ata, gözəl bir ailə olmaq lazımdır. Zəm-zəmi anlamaq üçün hər şeydən əvvəl, Allahın gözəl bir qulu olmaq, insanın qəlbində möhkəm iman daşıması gərəkdir”.
Zaira Akifqızı
Globalinfo.az
