qudret hesenquliyev

Deputat Qüdrət Həsənquliyev həmkarı Arzuxan Əlizadənin oğlu Əhmədin adı hallanan qəsdən adamöldürmə cinayəti ilə bağlı müzakirələrə münasibət bildirib.

Globalinfo.az elchi.az-a istinadla xəbər verir ki, o, həmkarını uzun illərdir vicdanlı, xalqını sevən bir şəxs kimi tanıdığını qeyd edib.

Valideynlərin övladlarının əməllərinə görə mənəvi məsuliyyət daşıdığını vurğulayan Q. Həsənquliyev uşaqların tərbiyəsində cəmiyyətin, dostların və yaşadığı mühitin də ciddi rol oynadığını bildirib:

“Bəzən bu və ya digər səbəbdən uşaqlar düşdüyü mühitin təsirinə daha çox məruz qalırlar. Hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarının açıqlamasını gözləmədən Əhmədi qətl törətməkdə ittiham etmək böyük yanlışlıqdır.”

Cinayət hüququndakı “icraçının ekstsessi” prinsipinə diqqət çəkən deputat, iştirakçılardan kiminsə ümumi qəsddən kənara çıxan əməlinə görə digərlərinin məsuliyyət daşımadığını xatırladıb:

“Cinayət hüququnda “icraçının ekstsessi” deyilən bir anlayış var. Cinayətin iştirakçılarından kiminsə ümumi qəsddən kənara çıxan cinayət əməlinə görə digər iştirakçılar məsuliyyət daşımır. DİN-də istedadlı əməliyyatçılar, prokurorluqda savadlı müstəntiqlər var. İnanıram ki, bu qətl hadisəsi üzrə obyektiv araşdırma aparılacaq”.

O, istintaqın obyektiv aparılacağına və hər kəsin iştirak dərəcəsinə görə cəza alacağına inandığını ifadə edib.

ABŞ-nin sabiq prezidenti Co Baydenin oğlu Hanter Baydenlə bağlı qərarını misal çəkən Q. Həsənquliyev güclü ailənin güclü dövlət demək olduğunu qeyd edib

“Arzuxan Əlizadənin deputat olması səbəbilə istintaq orqanlarına cəmiyyət tərəfindən təzyiq göstərmək olmaz”.

Paylaş: