kaya

Türkiyənin keçmiş ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya maliyyə bazarında şübhəli hesab edilən əməliyyatlarla əlaqədar aparılan araşdırma nəticəsində həbs edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TRT Haber telekanalı məlumat yayıb.

Məlumata görə, İstanbul Baş Prokurorluğunun Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətlərinin İstintaqı Bürosunun araşdırması çərçivəsində Kaya ifadə vermək üçün prokurorluğa dəvət olunub.

Sabiq nazirin dindirilməsi 2 saat 15 dəqiqə çəkib. İfadə prosedurundan sonra o, “Kapital Bazarı Qanununun pozulması” və “cinayət törətmək məqsədilə yaradılmış təşkilata üzv olmaq” maddələri üzrə məhkəməyə çıxarılıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaqın diqqət mərkəzində Kayanın “Özata Denizcilik” şirkətinin səhmləri ilə bağlı həyata keçirdiyi alqı-satqı əməliyyatları dayanır. Araşdırma zamanı həmin əməliyyatlarda şübhə doğuran məqamların aşkarlandığı bildirilir.

Türkiyənin Kapital Bazarı Şurasının hazırladığı hesabatda sabiq nazirin səhmlərin bazar dəyərinə və investorların investisiya qərarlarına təsir edə biləcək, lakin hələ ictimaiyyətə açıqlanmamış informasiyaya çıxışının olduğu iddia olunur.

Prokurorluğun təqdim etdiyi sənədlərdə qeyd edilir ki, Kaya 2026-cı ilin aprelində əldə etdiyi səhmləri sentyabrın 16-da, investisiya fondlarının ləğvinə dair qərardan cəmi bir gün əvvəl satıb. Diqqət çəkən digər məqam isə satışdan əldə olunan məbləğin standart iki iş günlük hesablaşma müddəti tamamlanmadan elə həmin gün onun hesabına yatırılmasıdır.

İstintaqçılar sabiq nazirin “Tera” qrupunun rəhbər şəxsləri ilə mümkün əlaqələrini və sözügedən əməliyyatların zamanlamasını araşdıraraq, onun qərarlardan əvvəlcədən xəbərdar olması ehtimalını da nəzərdən keçirirlər.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: