ABŞ Prezidenti Donald Tramp İran ətrafında yaranmış vəziyyəti və mümkün növbəti addımları müzakirə etmək üçün cümə axşamı milli təhlükəsizlik komandası ilə bir araya gəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başladılması ehtimalına uyğun hazırlıq işlərini başa çatdırmaq üzrədir.
Bununla belə, hərbi komandanlığa Ağ Ev tərəfindən əməliyyatların başlanması ilə bağlı indiyədək hər hansı yeni tapşırıq verilməyib.
Portalın danışdığı ABŞ rəsmilərindən biri bildirib ki, Tramp hərbi əməliyyatların bərpası barədə qərar qəbul edəcəyi təqdirdə, CENTCOM dərhal fəaliyyətə başlamaq üçün hazır vəziyyətdədir.
Məlumatda qeyd olunur ki, Ağ Ev rəhbəri hələlik İranla bağlı konkret qərara gəlməyib.
Tramp hazırda iki əsas ssenarini – diplomatik təmasların davam etdirilməsini və hərbi müdaxilənin yenidən gündəmə gətirilməsini nəzərdən keçirir.
Safura Bənnayeva
Globalinfo.az