Azərbaycan, Türkiyə və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi “X”də paylaşım edib.
Qeyd edilib ki, nəqliyyat və regional əlaqə sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş hərtərəfli Fəaliyyət Planına əlavə olaraq Ankara Bəyannaməsinə aşağıdakılar daxildir:
– Ümumi maraq kəsb edən regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığı genişləndirmək öhdəliyinin bir daha təsdiqi;
-Suverenliyə və ərazi bütövlüyünə xələl gətirən cəhdlərə qarşı birgə tədbirləri dəstəkləmək öhdəliyi;
– İqtisadiyyat, ticarət, investisiya, logistika, infrastruktur, rəqəmsallaşdırma, ətraf mühit və iqlim dəyişikliyi daxil olmaqla əsas sahələrdə potensialın tam şəkildə açılması öhdəliyi;
-Orta Dəhlizin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılmasına çağırış;
-Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur rayonlarında yenidənqurma və minalardan təmizləmə işlərinə dəstək;
-Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi, ticarət, əlaqə və iqlim sahəsində əməkdaşlıq sahəsində müsbət irəliləyişlərin tanınması;
-Azərbaycanın COP29 və AQEM-dəki sədrlik rolunun təsdiqi;
– Mərkəzi Asiyada sabitliyin təmin edilməsində əsas hesab edilən Əfqanıstanın təhlükəsizliyi və inkişafı ilə bağlı Türk Dövlətləri Təşkilatı çərçivəsində vahid yanaşmanın əhəmiyyətinin vurğulanması;
-Qəzzada atəşkəs elan edilməsini alqışlamaq, onun ciddi şəkildə yerinə yetirilməsini tələbetmək və İsrail-Fələstin münaqişəsinin iki dövlətli həllini müdafiə etmək.
***14:56
Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüşün nəticələrinə dair Ankara Bəyannaməsi imzalanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Hakan Fidan Ankarada keçirilən Türkiyə, Azərbaycan və Özbəkistan arasında ikinci üçtərəfli görüşün nəticələrinə dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, bəyannamə ilə birlikdə üç ölkə arasında əməkdaşlığa dair Yol Xəritəsi də müəyyənləşib.
***13:31
Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin II üçtərəfli görüşü keçirilir.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in sosial media hesabında paylaşım edilib.
Qeyd edilib ki, iclasın gündəliyi xarici siyasət məsələləri və regional əməkdaşlıq, iqtisadiyyat, ticarət və investisiya sahələrində əməkdaşlığın gücləndirilməsi, eləcə də əlaqəni inkişaf etdirməklə nəqliyyat və telekommunikasiya sahəsində əlaqələrin genişləndirilməsinə yönəlib.
***12:54
Ankarada Türkiyə, Azərbaycan və Özbəkistan arasında II üçtərəfli görüş keçirilir.
Globalinfo.az bildirir ki, iclasda üç ölkənin xarici işlər nazirləri ilə bərabər, iqtisadiyyat və nəqliyyat nazirləri də iştirak edir.
İclasın gündəliyinə xarici siyasət məsələləri və regional əməkdaşlıq, ticarət, iqtisadiyyat və investisiya sahələrində əməkdaşlığın artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və nəqliyyat və kommunikasiya sektorlarında əməkdaşlığın gücləndirilməsi daxildir.
Görüş zamanı Orta Dəhlizin önəminin artmasına diqqət çəkiləcəyi, Suriya və Qəzzada baş verənlər, həmçinin, Rusiya-Ukrayna müharibəsinin müzakirə ediləcəyi gözlənilir.


