tramp 2

ABŞ Prezidenti Donald Tramp çox çətin bir vəziyyətə düşüb. Vəzifəyə gələndən sonra o, tarixdə böyük sülhməramlı kimi qalmaq istəyirdi. Onun üçün ən böyük uğur, əlbəttə ki, Ukrayna müharibəsinin bitməsi olardı. Bu istək onu Alyaskaya və Pekinə apardı. Hətta “Sülh Şurası” adlı yeni bir qurum da yaratdı”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Qarik Keryan deyib.

O bildirib ki, Tramp daha sonra sistemli təzyiqlər yolu ilə Avropadakı əsas müttəfiqlərindən olan üçlüyü – Fransa, Almaniya və Böyük Britaniyanı da Ukraynada Rusiyanın məğlubiyyəti planına dəstək verməyə məcbur etməyə çalışdı:

“Amma bu dəstəyi ala bilmədi, onlar Avropanın xeyrinə Rusiyanın məğlubiyyətinə yönəlmiş planlarına sadiq qaldılar.

Tramp yəqin ki, yalnız Ukrayna mövzusu ilə məhdudlaşsaydı və bütün resursları bu cəbhəyə yönəltsəydi, uğur qazana bilərdi. Lakin işi yarımçıq qoyaraq İran adlı “qara dəliyə” atıldı və İsrailin təşviqi ilə böyük və dağıdıcı nəticələrə səbəb olan müharibə başlatdı.

Respublikaçılar Partiyasının lideri sülh tərəfdarından müharibənin müəllifinə və qızışdırıcısına çevrildi. Tarixdə belə kəskin dönüşün başqa nümunəsini tapmaq çətindir”.

Siyasi şərhçi qeyd edib ki, bu ifrat dəyişikliklər və İran məsələsində gözlənilməz qərarlar Qərb blokunun daxilində də dərin parçalanma yaratdı:

“Kollektiv Qərb” anlayışı artıq yoxdur. İranla müharibənin nəticələri də anlaşılmaz və qəribə vəziyyət yaradıb: həm Vaşinqton, həm də Tehran eyni zamanda qalib tərəf kimi mövqe tutur.

Zəif atəşkəs şəraitində 60 günlük müddət ərzində tərəflər sülh müqaviləsi bağlamalıdır. Tarixdə nadir hallarda müharibədən sonra danışıqlarda qalib və məğlub tərəfin statusunun belə qeyri-müəyyən olduğu vəziyyət olur.

Belə durum isə Trampın mövqelərini həm ölkə daxilində, həm də beynəlxalq arenada xeyli zəiflədib. Bu, Böyük Yeddiliyin (G7) son sammitində də göründü. O, Ukrayna cəbhəsində NATO müttəfiqlərinə Rusiyaya qarşı əvvəlki dəstək mövqeyinə qayıtmağa məcbur oldu.

Nəticə də görünür: Rusiya ərazilərinə uzaqmənzilli zərbələr bir neçə dəfə artıb, həmçinin itkilər çoxalıb. Kreml nüvə silahı ilə cavab ehtimalını xatırladır və bu ehtimal getdikcə daha real görünür.

Beləliklə, dünya sülh əvəzinə nüvə müharibəsi təhlükəsi ilə üz-üzə qalıb: həm Ukrayna, həm də İran cəbhələrində açıq qeyri-müəyyənliklə”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: