toylar 142412 900x600 2

Gənc ailələrin qarşılaşdığı mənzil, uşaq baxımı, məşğulluq və təhsil məsələlərinin vahid hüquqi çərçivədə tənzimlənməsi təklif olunur. Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev “Ailə, valideynlik və uşaqların hüquqlarının təminatı haqqında” ayrıca qanun layihəsinin hazırlanmasını təklif edərək, dövlət dəstəyinin ailələr üçün daha sistemli və əlçatan şəkildə təqdim edilməsinin vacibliyini vurğulayıb.

Bəs ailə və uşaqlara yönələn mövcud sosial dəstək mexanizmlərinin vahid qanunla sistemləşdirilməsi hansı nəticələr verə bilər?

Globalinfo.az-a danışan sosioloq Mail Yaqubun fikrincə, yeni qanun o vaxt yaranır ki, hansısa sahədə ciddi problem olsun:

“Bu zaman həmin sahədə tənzimləmələr aparmaq üçün yeni qanun qəbul edilir. Azərbaycanda ailə və uşaq məsələləri ilə bağlı ciddi problemimiz varmı? Bəli, var. Birincisi, boşanmaların sayı 50 faizə çatıb. Biz əvvəllər bu rəqəmləri Amerikadan, Avropadan eşidib təəccüblənirdik. İndi isə bu rəqəm Azərbaycandadır.

İkincisi, Azərbaycanda son illərdə əhalinin artım tempi azalıb. Ailələr çox uşaq dünyaya gətirməyə meyilli deyillər. Belə davam edərsə, 20-30 ildən sonra Azərbaycanda əhalinin sayı tədricən azalmağa başlayacaq.

mail yaqub111

Mail Yaqub

Üçüncü problem isə gənclərin ailə qurmağa meylli olmamasıdır. Niyə? Çünki mənzil, iş problemləri var. Bu da nəticədə doğum tempinin aşağı düşməsinə və demoqrafik problemin yaranmasına səbəb olur”.

Sosioloq deyib ki, indi sadaladığı üç ciddi problemi tənzimləyən qanun layihəsinə ehtiyac var:

“Dövlətin qanun qəbul etməsi bu üç problemin həllinə kömək edə bilər. Təbii ki, təkcə hüquqi mexanizmlərlə məsələ həll olunmur. Digər addımlar da atılmalıdır. Təşviqlər olmalı, tövsiyələr verilməli, psixoloji və əxlaqi maarifləndirmə aparılmalı, təlimlər keçirilməlidir. Bu mövzularda seriallar çəkilməli, filmlər hazırlanmalıdır. Amma dövlətin hüquqi addımı da vacibdir. Hüquqi baza yaradılsa, ailə və uşaqla bağlı bu üç ciddi problemin həllində mütləq irəliləyiş olacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: