İtaliya İraq ərazisindəki hərbi kontingentinin çıxarılmasını tam başa çatdırıb. Sonuncu italiyalı hərbçilər sentyabrın 30-da ölkəyə qayıdıb. Müdafiə naziri Qvido Krosetto bildirib ki, hərbi iştirak azalsa da, İraqla təlim və əməkdaşlıq davam edəcək.
Bundan əvvəl ABŞ da İraqdan hərbi kontingetini çıxardığını açıqlamışdı.
Hazırkı geri çəkilmənin səbəbi nədir? İraqla bağlı nə baş verir?
Globalinfo.az-a danışan Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, İtaliya hərbi kontingentinin İraqdan çıxarılmasını yalnız Romanın öz hərbi iştirakını azaltması kimi qiymətləndirmək düzgün olmaz:
“Burada daha geniş proses gedir. ABŞ-ın da İraqdakı koalisiya missiyasını başa çatdırması ilə 2014-cü ildən İŞİD-lə mübarizə məqsədilə formalaşdırılmış xarici hərbi iştirak modelinin əsas mərhələsi başa çatır. İŞİD artıq İraqda əraziyə nəzarət edən əvvəlki gücə malik deyil və Bağdad öz təhlükəsizlik qüvvələrinin ölkə daxilində əsas məsuliyyəti daşıya biləcəyini hesab edir.
İtaliyanın mövqeyində də əsas məqam budur: Roma İraqla əməkdaşlığı dayandırmır, sadəcə onun xarakterini dəyişir. Hərbi kontingentin çıxarılmasından sonra təlim, hərbi məsləhətləşmələr, təhlükəsizlik institutlarının gücləndirilməsi və ikitərəfli müdafiə əməkdaşlığı davam etdiriləcək. Yəni söhbət İtaliyanın İraqdan siyasi və təhlükəsizlik baxımından tam çəkilməsindən getmir.
Lakin İraqda əsas problem artıq yalnız İŞİD deyil. Xarici qüvvələrin çıxmasından sonra Bağdadın qarşısında daha mürəkkəb məsələ dayanır: ölkədə fəaliyyət göstərən müxtəlif silahlı qrupların dövlətin vahid təhlükəsizlik sisteminə tabe etdirilməsi. Xüsusilə İranla yaxın münasibətləri olan silahlı qrupların siyasi və hərbi çəkisi İraqın daxili balansına ciddi təsir göstərir. Bu səbəbdən xarici qoşunların çıxması İraqın suverenliyini artırsa da, eyni zamanda Bağdadın üzərinə daha böyük məsuliyyət qoyur”.

Vüqar Zifəroğlu
Ekspert bildirib ki, digər tərəfdən, İraq ABŞ-İran qarşıdurmasının əsas regional meydanlarından biri olaraq qalır:
“Vaşinqtonun hərbi iştirakının azalması İranın İraqdakı təsirinin avtomatik olaraq artması demək deyil, amma ABŞ-ın hərbi çəkisinin azalması Bağdadın xarici qüvvələr arasında daha həssas balans siyasəti aparmasını zəruri edir. Eyni zamanda İŞİD-in qalıq hüceyrələri, İraq Kürdüstanı ilə Bağdad arasındakı problemlər və ölkənin hava hücumundan müdafiə imkanları da aktual olaraq qalır.
Ona görə hazırkı prosesi “Qərbin İraqdan çıxması” kimi deyil, İraqda təhlükəsizlik modelinin dəyişməsi kimi xarakterizə etmək daha doğru olar. Döyüş missiyaları və xarici hərbi kontingentlər geri çəkilir, onların yerini təlim, məsləhət, institusional əməkdaşlıq və təhlükəsizlik tərəfdaşlığı tutur.
Əsl sınaq isə bundan sonra başlayır: Bağdad öz ərazisində təhlükəsizliyə tam nəzarət edə, silahlı qrupları dövlət strukturlarına tabe etdirə və eyni zamanda ABŞ, İran və digər regional güclər arasında balansı qoruya biləcəkmi? İraqın gələcək təhlükəsizlik arxitekturasını əsasən bu məsələ müəyyənləşdirəcək”.
Turan Rzayev
Globalinfo.az