Xüsusi şərtlərlə pensiya alan dövlət qulluqçuları, hərbi qulluqçular və bəzi digər kateqoriyalar üçün pensiyanın hesablanması mexanizminin dəyişdirilməsi təklif olunur. Belə ki, Milli Məclisdə 25 sentyabrda birinci oxunuşda müzakirə edilən qanun layihəsinə əsasən, əsas dəyişiklik pensiya ilə şəxsin son aldığı əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılmasıdır.
Bu təklifin əsas məğzi nədən ibarətdir? Gözləntilər nədir?
Globalinfo.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Rövşən Muradov deyib ki, yeni mexanizmin mahiyyəti pensiya təminatında sığorta prinsipinin rolunun gücləndirilməsi, hesablamaların daha aydın və uzunmüddətli maliyyə əsasları üzərində qurulmasıdır:
“Təklifə əsasən, dövlət qulluqçuları, hərbi qulluqçular və digər müvafiq kateqoriyalar üzrə pensiya ilə əməkhaqqı arasındakı birbaşa əlaqənin aradan qaldırılması, pensiyanın fərdi şəxsi hesabda formalaşmış kapital, sabit aylıq pensiya əlavəsi əsasında müəyyənləşdirilməsi nəzərdə tutulur. Vahid sığorta prinsipinə keçid layihənin əsas istiqamətlərindən biri kimi qəbul edilir. Bu yanaşma pensiya hüququ ilə şəxsin əmək fəaliyyəti dövründə formalaşdırdığı sığorta kapitalı arasında daha sistemli əlaqə yaradır. Xüsusilə hərbi qulluqçular üzrə uzunmüddətli xidmətin, rütbə və əməkhaqqı artımının daha böyük pensiya kapitalının formalaşmasına şərait yaratması nəzərdə tutulur. Təqdim edilmiş təhlillərdə yeni mexanizmin gələcəkdə pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiyalarında azalmaya səbəb olmayacağı, əksinə, artım imkanları yaradacağı bildirilir”.
Rövşən Muradov
Deputat qeyd edib ki, məsələnin ən mühüm tərəfi yalnız pensiyanın hansı düsturla hesablanması ilə məhdudlaşmır:
“Burada uzunmüddətli perspektivdə sosial təminat sisteminin maliyyə dayanıqlılığının möhkəmləndirilməsi, peşəkar dövlət və hərbi xidmətin stimullaşdırılması, sığorta haqları ilə gələcək sosial təminat arasında daha aydın qarşılıqlı əlaqənin qurulması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda pensiya təyinatının sadələşdirilməsi, elektronlaşdırılması və vətəndaşın əlavə inzibati prosedurlarla üzləşmədən hüququnu qısa müddətdə reallaşdıra bilməsi sosial xidmətlərin keyfiyyəti baxımından ayrıca üstünlük yaradır.
Məqsəd elə bir modelin formalaşdırılmasıdır ki, burada dövlətin sosial öhdəliklərinin davamlılığı, pensiya sisteminin maliyyə imkanları, uzun illər dövlətə xidmət etmiş insanların əməyinin qiymətləndirilməsi və vətəndaşın gələcək sosial təminatına inamı vahid mexanizm daxilində uzlaşdırılsın. Düşünürəm ki, islahatın sosial mahiyyəti də məhz bu balansın qorunmasında ifadə olunur”.
Ləman İmran
Globalinfo.az