WhatsApp Image 2026 09 30 at 16.53.09

Azərbaycanın qonşu ölkələrlə münasibətlərində son dövrlər diqqət çəkən proseslər baş verir. Rusiya və İranla münasibətlərdə yaranan gərginlik və soyuqluq, Gürcüstanla son olaraq kilsə məsələsi ətrafında meydana çıxan narazılıqlar, Türkiyədə isə Azərbaycana qarşı kampaniya Bakının xarici siyasəti ilə bağlı bir sıra suallar doğurur.

Paralel olaraq isə Azərbaycan bütün bu proseslərin fonunda qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir.

Bəs baş verənlər nə ilə bağlıdır? Azərbaycanın illərdir həyata keçirdiyi balans siyasətində dəyişiklik edilir, yoxsa regionda gedən daha geniş geosiyasi proseslər münasibətlərə təsir göstərir?

Globalinfo.az-a danışan siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib ki, son zamanlarda baş verən hadisələrə ayrı-ayrılıqda baxdıqda Azərbaycanın qonşuları ilə münasibətlərinin gərginləşdiyi kimi bir müşahidənin və yaxud da təəssüratın yaranması mümkündür:

“Lakin bu yanaşma yanlış ola bilər. Təbii ki, proseslərə bütöv və mərhələli şəkildə yanaşmaq lazımdır. Bu baxımdan, məsələni Azərbaycanın balans siyasətinin pozulması kimi deyil, daha öncəki geosiyasi balansın özünün dəyişməsi və yaxud xarici siyasətimizin manevr imkanlarının yenidən cızılması kimi xarakterizə etmək olar.

Bakı-Moskva münasibətlərində müəyyən dərəcədə soyuqluğun olduğu inkaredilməzdir. Son zamanlarda diplomatik etimad məsələlərindən tutmuş, media və təhlükəsizlik amilləri ilə bağlı narazılıqların qarşılıqlı şəkildə artması müşahidə olunur. Buraya media sistemlərinin bəzilərinin axtarışa verilməsi, Rusiya səfirinin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılması kimi məsələlər daxildir.

Amma bu, o demək deyil ki, Azərbaycan Rusiyadan, Rusiya da Azərbaycandan tamamilə uzaqlaşıb. Əksinə, burada diqqət yetirilməli mühüm bir məqam var. Bu da Moskva ilə Ankara arasında olan münasibətlərdir.

Son zamanlarda həm Ankaradan, həm də Moskvadan 3+3 formatının davam etdirilməsinin zəruriliyi vurğulanır. Deməli, həqiqətən də proseslərin daha geniş prizmadan dəyərləndirilməsinə başlanıb. Ona görə də bunu Rusiya ilə münasibətlərin tamamilə kəsilməsi kimi deyil, əvvəlki yaxınlığın tərəflərin öz maraqlarına əsaslanaraq dəyişməsi xətti kimi görə bilərik”.

Politoloq bildirib ki, İranla münasibətlər daha mürəkkəb və kombinasiyalıdır:

“Bu münasibətlərdə layihələr, təhlükəsizlik amili və ideoloji amillər xüsusi yer tutur. Lakin gərginliyin təhlükəsizlik ölçüsü özünü daha da genişləndirib. Naxçıvana dron hücumundan sonra münasibətlərdə yenidən gərginliyin yaşandığının şahidi olduq. Lakin rəsmi Tehran bunu rədd etdi.

Belə bir məqamda məhz Gürcüstana da toxunmalıyıq. Gürcüstan həmin hadisədən sonra Azərbaycanın ərazi bütövlüyünə dəstəyini bildirdi. Bakı Tehranla əlaqələri kəsməkdə maraqlı deyil. Zənn edirəm ki, İran da qarşıdurmanın yenidən pik səviyyəyə qalxmasını istəmir. İran Prezidenti Məsud Pezeşkianla Azərbaycan Prezidenti İlham Əliyevin telefon danışıqları, ikitərəfli görüşlər və gündəliyin müzakirəsi də bunu sübut edir. Hökumət nümayəndələrinin İranda apardığı görüşlər də xüsusilə vurğulanmalıdır.

sebnem hesenova 900x506 3
Şəbnəm Həsənova

Yəni mesaj verilməyə çalışılır ki, biz İranın sərt addımlarına haqqımız olaraq reaksiya versək də, diplomatik kanalları bağlamırıq.

Gürcüstanla Kürmük məbədi məsələsinin də xarakteri fərqlidir. Çünki bu məsələni Gürcüstan-Azərbaycan münasibətlərinin böhranı kimi xarakterizə etmək, zənnimcə, düzgün olmaz.

Azərbaycan XİN-in Gürcüstan patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına sərt etiraz etməsi olduqca düzgün mövqe idi. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı məsələlərdə Bakının həssas mövqe sərgiləməsi başadüşüləndir.

Digər tərəfdən, Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin, “Azərbaycanla münasibətlərdə gərginlik yoxdur və məsələlər dostluq şəraitində müzakirə edilir”, – deməsi, üst və dövlət səviyyəsində prosesdə ciddi gərginliyin olmadığını göstərir. Buna da imkan verilmir.

Təbii ki, bu çevik yanaşma çox mühüm əhəmiyyət kəsb edir. Çünki dövlətlərarası münasibətlərdə strateji tərəfdaşlığın saxlanılması vacibdir. Müəyyən dini və tarixi məsələlərlə bağlı fikir ayrılıqları olsa da, əsas əlaqələr və strateji tərəfdaşlıq qorunub saxlanılır”.

Politoloqun sözlərinə görə, Azərbaycanın diqqət etməli olduğu məsələlərdən biri də Türkiyə ilə münasibətlərdir:

“Çünki biz Türkiyə ilə münasibətlərə hər zaman həssas yanaşmalıyıq. Bəli, Türkiyə mediasının müəyyən hissəsində Azərbaycana qarşı kampaniya gedir, tənqid və neqativ xarakterli informasiyalar yayılır. Amma bunu Azərbaycan-Türkiyə münasibətlərinin pozulması, yaxud böhran kimi xarakterizə etmək nəinki düzgün deyil, hətta son dərəcə yanlışdır.

Dövlət siyasətini, cəmiyyəti, siyasi dairələri və medianı bir-birindən ayırmalıyıq. Hələ o amili də nəzərə alaq ki, Türkiyə-Rusiya münasibətlərində 3+3 mexanizmi ilə bağlı daha çox uzlaşmaya gedildiyini görürük. Bütün bunlardan hasil olan ilkin qənaət odur ki, köhnə sistem artıq yoxdur. Çəkisi ağır dövlətlər artıq həm bir-biri ilə, həm də orta güclərlə hesablaşmağa məcbur olurlar.

Bütövlükdə isə belə xarakterizə edərdim ki, Azərbaycanın balanslı siyasəti pozulmur. Daha dəqiq ifadə etsək, bu siyasət artıq transformasiya mərhələsinə qədəm qoyur.

Azərbaycan heç bir güc mərkəzindən asılı olmadan öz regional çəkisini artırır. Artıq Azərbaycan orta güc səviyyəsinə yüksəlib.

Bu baxımdan da müxtəlif güclərin rəqabətindən danışdığımız zaman regionda sadəcə İran, Türkiyə və Rusiyanı nəzərdə tutmuruq. Artıq ABŞ, Avropa İttifaqı və Mərkəzi Asiya dövlətləri də nəzərə alınmalıdır.

Buna görə də biz balans siyasətinin növbəti mərhələsinə qədəm qoymuşuq. Bu mərhələdə maraq əsaslı siyasət daha çox ağırlıq təşkil edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: