1018857 src

Rəsmi Moskva NATO-ya diplomatik nota göndərib. Bildirilib ki, alyans Kalininqrad vilayətini Rusiyanın əsas ərazisindən təcrid etməyə cəhd göstərsə, nüvə silahından istifadə oluna bilər.

Globalinfo.az bildirir ki, “Reuters”in tanış olduğu sənəddə Rusiyanın NATO-nu “təhlükəli və məsuliyyətsiz kurs” yürütməkdə ittiham etdiyi qeyd edilir.

Bunun birbaşa silahlı qarşıdurmanın başlaması riskini artırdığı vurğulanır.

Notada bildirilir ki, NATO ölkələri Kalininqrad vilayətini Rusiyanın digər ərazilərindən təcrid etməyə cəhd göstərsə, Moskva öz torpağını qorumaq üçün bütün mövcud qüvvə və vasitələrindən, o cümlədən nüvə silahından istifadəyə hazır olacaq.

Sənəddə həmçinin NATO ölkələrində yerləşən qərar qəbuletmə mərkəzlərinə Rusiya tərəfindən zərbələr endirilməsi ehtimalına da işarə olunur.

NATO isə notaya cavabında özünü müdafiə alyansı adlandırıb və hərbi təlimlər də daxil təşkilatın fəaliyyətinin Rusiya ərazisinə təhlükə yaratmadığını bildirib.

Alyans Moskvanı Ukraynaya qarşı səbəbsiz genişmiqyaslı işğala son qoymağa, üzv ölkələrə qarşı getdikcə məsuliyyətsiz davranışdan çəkinməyə və nüvə ritorikasına son qoymağa çağırıb.

Son üç gün ərzində Rusiyanın ən azı üç Avropa ölkəsindəki səfirliyi NATO-nu Kalininqradla bağlı təlimlər keçirmək və müxtəlif ssenarilər üzərində planlaşdırma aparmaqla gərginliyi artırmaqda ittiham edib.

Kremlin sözçüsü Dmitri Peskov isə bu açıqlamaları Avropadakı “qaynar başlara” verilən xəbərdarlıq kimi qiymətləndirib.

Avropalı yüksək rütbəli müdafiə rəsmisi “Reuters”ə bildirib ki, Rusiya Soyuq müharibə dövründən bəri ilk dəfə Avropanı bu şəkildə təhdid edir. Onun sözlərinə görə, vəziyyət ciddidir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: