Dünən vəfat edən bəstəkar Oqtay Rəcəbovun COVID-19 üzrə test nəticələri pozitiv çıxıbmış.
Globalinfo.az bildirir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Qurumun mətbuat katibi Zamirə Adilova bildirib ki, bununla bağlı onun ailə üzvləri tərəfindən 14 dekabr tarixində aidiyyəti üzrə müraciət olunub:
“Poliklinika tərəfindən test nümunələri götürülüb və onların nəticəsi pozitiv çıxıb. Bununla əlaqədar olaraq 15 dekabr tarixində ailə tərəfindən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasına 14:02 saatında müraciət daxil olub. Müraciət anındaca tibbi briqada ünvana gedib və onlar ünvana çatdıqda həkiməqədər ölüm faktı qeydə alınıb”.
Zamirə Adilova qeyd edib ki, ailə daha əvvəl də COVID-19 infeksiyasına yoluxub və bu xəstəlikdən sağalıb.
Bəstəkarın gəlini Aysel isə Axşam.az-a açıqlamasında bildirib ki, bəstəkarın xanımı və 3 qızı da hazırda evdə karantindədir.
Qeyd edək ki, tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi, professor Oqtay Rəcəbov ötən gün 81 yaşında vəfat edib.