Bir neçə yeni tarix-mədəniyyət abidələri dövlət mühafizəsinə götürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, bu gün “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarında dəyişiklik olunub.
Dəyişikliyə əsasən, dünya əhəmiyyətli arxeoloji abidələr olan Azıx və Tağlar mağara düşərgələrinin ünvan məlumatlarında düzəliş edilib.
Quba şəhərində Soyqırımı Memorial Kompleksi “Quba Soyqırımı Muzeyi və simvolik məzarlıq” ölkə əhəmiyyətli bağ-park, monumental və xatirə abidəsi kimi, kompleksdə yerləşən “Xatirə abidəsi – kütləvi məzarlıq” (1918-ci il) və Astara rayonunda yerləşən Əlişa qala kompleksi (e.ə. IV – e. XVI əsrlər) ölkə əhəmiyyətli arxeoloji abidə kimi siyahıya əlavə edilib.
Həmçinin, Gəncə şəhərində yerləşən XIX əsrə aid üç yaşayış evi, Sumqayıt şəhərində yerləşən Hacı Məcid (XVI əsr) və Hacı Əmrulla hamamları (XVII əsr) yerli əhəmiyyətli memarlıq abidəsi olaraq dövlət mühafizəsinə götürülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilib. Həmin siyahıya müvafiq əlavə və dəyişikliklərin edilməsi, eləcə də tarixi, memarlıq və arxeoloji əhəmiyyət daşıyan yeni obyektlərin müəyyənləşdirilməsi məqsədilə Mədəniyyət Nazirliyi yanında Daşınmaz mədəni sərvətlərin müəyyən edilməsi üzrə Ekspert Şurası yaradılıb.
Ekspert Şurasının üzvlərinin iştirakı ilə keçirilən iclaslarda siyahıya daxil edilməsi təklif olunan obyektlərə dair təqdim edilmiş materiallar ətraflı təhlil olunur, onların tarixi, memarlıq və arxeoloji əhəmiyyəti müzakirə edilir. Ötən dövr ərzində Ekspert Şurasının iclaslarında 800-dən artıq abidə və yeni aşkar edilmiş nümunə müzakirə olunub, qanunvericiliyin tələblərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasından müvafiq rəylər alınıb.
2025-ci ildə dövlət mühafizəsində olan 8, 2026-cı ildə isə 87 abidənin məlumatlarına düzəliş olunub, eyni zamanda, ötən il 51 yeni aşkar edilmiş abidə daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil edilib.






