aparici

Ötən gün televiziya karyerasını bitirdiyini açıqlayan tanınmış aparıcı İlhamiyyə Rza məsələyə aydınlıq gətirib.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

“Bu, zəhmətimizin, yaradıcılığımızın nəhayət, bir peşəkar olaraq özümüzün dəyərdən düşməməsi üçün atılmış addımdır. Həm də bu, AZTV dən, Mədəniyyət kanalından gediş yox, televiziya karyerasından gedişdir. Media fəaliyyətimiz fərqli platformada davam edəcək. Televiziya nə qədər doğma olsa da, artıq internet imkanlarına uduzub. Uduzmaya da bilərdi – sosial şəbəkələrdən  daha maraqlı kontent hazırlamaqla, kütləvi mədəniyyətə qatılmamaqla, elitar, zövqlü efir məhsulları hazırlamaqla! Bu qədər imkan müqabilində nələr etmək olmazdı ki. Kütləvi mədəniyyətdə siz hər zaman məğlub olacaqsınız. Çünki kütləvi mədəniyyət daha rahat platformalara sahiblənib. Belə baxanda heç onların televiziyaya ehtiyacları yoxdur”.

Aparıcı qeyd edib ki, Mədəniyyət kanalı bu mövzuda istisnadır:

“O da, öz profilinə görə başqa cür ola da bilməzdi. Uzun, əksəriyyətiniz üçün maraqsız mövzudur.  Şənbə günü  “Youtube” platformasında yerlədirilmiş sonuncu verilişimizə 290 baxış, 17 like, 1 şərh gəlib. Verilişin mövzusuna, keyfiyyətinə zərrə qədər şübhəm yox!  Amma bu, o deməkdir ki, bu verilişə, bu mövzuya  maraq yoxdur.  Siz də deyirsiniz niyə getdiniz, meydanı kimlərə qoydunuz. Fikirlərimin təhrif edilməsi ehtimalını istisna etmək üçün əksəriyyətinizin verdiyi eyni suala elə buradan cavab yazıram: bizim bu qərarımızın Mehriban Ələkbərzadə ilə heç bir  əlaqəsi yoxdur”.

Qeyd edək ki, bundan əvvəl tanınmış rejissor Mehriban Ələkbərzadə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədri Rövşən Məmmədovun dəvəti ilə AZTV-də fəaliyyətini davam etdirəcəyini açıqlamışdı.

Günel Cəlil
Globalinfo.az 

Paylaş: