Taksi qərarı işsizliyə və bahalığa səbəb olacaq – İqtisadçıdan həyəcan təbili

Taksi minik avtomobili ilə sərnişindaşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər təsdiq edilib. Belə ki, 1 iyul 2024-cü il tarixindən taksilərin rənglərinin ağ və ya qırmızı olması qərarı verilib. Taksi xidməti göstərən maşınların buraxılış ili 2009-cu ildən başlamalıdır.

Bu xəbərdən sonra ictimaiyyətdə “Prius”ların taksi fəaliyyətinin qadağan olunacağı ilə bağlı fikir formalaşıb. Hətta bəzi “Prius” sürücüləri avtomobillərini ucuz qiymətə satışa çıxarıb.

Maraqlıdır, verilən qərarlar hansı səbəbdən yaranıb? “Prius”lar nəylə əvəzlənə bilər və onların aqibəti necə olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı Natiq Cəfərli deyib ki, taksi sayının azaldılması bu sahədə pərakəndliyin aradan qaldırılması və rəqabətli mühit şəraitində çalışan bir sahəni tam nəzarətə götürmək cəhdləridir.

O, yeni qərarın başqa bir izahının olmadığını bildirib:

“Çünki son 10-15 ildə Azərbaycanda taksi xidməti yeganə sahə idi ki, qiymətlər nəinki artmamışdı, hətta ucuzlaşmışdı. Ona görə də, qərar verənlər bunu belə izah edirlər ki, 60 min taksi var və bu say çoxdur deyə, 20 minə azaldılmalıdır. Niyə 20 min olmalıdır?! Bakı və Abşeronda 4 milyona yaxın əhalinin yaşadığına nəzər yetirmək lazımdır. Bu qədər əhalinin yaşadığı şəhər üçün 20 min taksi yetərlidirmi? Bunu necə və hansı qaydalara görə hesablayıblar – rəsmilər açıqlamalıdırlar. Ona görə də, düşünürəm ki, bu qərarla bağlı gələcəkdə düzəldici qərarlar olacaq”.

İqtisadçı bu qərarla işsizliyin sayının artacağını qeyd edib:

“Bu qərar işsizliyə, qiymətlərin kəskin artmasına səbəb olacaq. Nəticə etibarilə də bir müddət sonra bəzi qərarların yumşaldılmasının şahidi ola bilərik”.

Zaira Akifqızı
Globalinfo.az