Yarısı Azərbaycana, yarısı Ermənistana düşən kənddə nə baş verir?

44 günlük müharibədən sonra yarısı Azərbaycanın nəzarətinə keçən, digər yarısı isə Ermənistanda qalan Şurnuxu kəndinin erməni sakinləri etiraz edirlər.

Globalinfo.az xəbər verir ki, 2021-ci ildə Ermənistan hökuməti kəndin Azərbaycanın nəzarətinə keçən hissəsinin sakinlərini digər tərəfə köçürüb. Daha sonra Ermənistanın nəzarətində qalan hissədə 13 evin tikiləcəyi deyilib. Bununla bağlı dövlət büdcəsindən vəsait ayrılması nəzərədə tutulub, lakin qərar icra olunmayıb.

Sakinlər Nikol Paşinyan və hakimiyyət nümayəndələrini verdikləri sözü tutmamaqda ittiham edirlər.

Bundan başqa, Zəngəzurun şərti sərhəddə yerləşən digər kəndlərinin boşaldılması ilə bağlı məlumatların kənd əhalisi arasında narahatlığa səbəb olduğu bildirilir.

Xatırladaq ki, 4 yanvar 2021-ci ildə Şurnux kəndinin bir hissəsində (12 evlik ərazidə) Azərbaycan bayrağı qaldırılıb və həmin hissə Qubadlı rayonunun tərkibinə daxil edilib.

Ayşən Mustafa
Globalinfo.az