Avropa İttifaqı (Aİ) azad edilmiş ərazilərin minalardan təmizlənməsi və bərpası sahəsində Azərbaycanı dəstəkləməyə davam edəcək.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un Xankəndiyə ezam olunan əməkdaşına xarici diplomatik korpus nümayəndə heyətinin tərkibində Qarabağ bölgəsinə səfər edən Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono bildirib.
Onun sözlərinə görə, Aİ Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalır və müxtəlif proqramları, o cümlədən sülh gündəliyini və regional əməkdaşlığı dəstəkləyir.
“Biz sülhü dəstəkləyərək həmçinin keçmiş münaqişələrin nəticələrinin həllinə kömək etməyə çalışırıq. Buna münaqişədən zərər çəkmiş icmalara dəstək, bərpa və xüsusilə də minatəmizləmə məsələləri daxildir”, – o qeyd edib.
Aİ nümayəndəsi vurğulayıb ki, ittifaq regional inkişafın müsbət dinamikasını və Azərbaycanla Ermənistan arasında sülh prosesini alqışlayır.
O qeyd edib ki, sərhədin delimitasiyası, nəqliyyat əlaqələri, ticarət və insanlar arasında təmaslar kimi istiqamətlərdə mühüm praktiki addımlar atılır.
“Ümid edirik ki, bütün bunlar lazımi şərait yaradacaq və nəticə etibarilə sülh müqaviləsinin yekun imzalanmasına gətirib çıxaracaq”, – Aİ nümayəndəsi əlavə edib.