SOS!!! İcbari Tibbi Sığorta həkimlər tərəfindən sabotaj olunur

Azərbaycanda 1 ilə yaxındır ki, İcbari Tibbi Sığorta fəaliyyətdədir. İcbari Tibbi Sığorta Azərbaycan vətəndaşları olaraq bizlərin dövlət hesabına tibbi xidmətlərdən istifadəmizə geniş imkanlar yaratmalıdır.

Bu gün İcbari Tibbi Sığorta faktiki olaraq iflic durumdadır. Bu gözəl təşəbbüsün sabotaj olunmasında isə əksər hallarda həkimlərin çox böyük, hətta cinayətə bərabər günahı var. Bu səbəbdən vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığı olduqca aşağı səviyyədədir. Xəstəxanalarda süni şəkildə uzun-uzadı növbələr yaradılır və bu növbələrdən hər gün milyonlar qazananlar var.

***

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda – xalq arasında “Vərəm Xəstəxanası” adlanan xəstəxananın qəbul şöbəsindəki rentgendə hər gün ucu-bucağı görünməyən növbədir. Halbuki institutda qəbul şöbəsindən başqa daha 2 korpusda rentgen aparatı var. Qəbul şöbəsində rentgenə düşmək üçün xəstələr qırğın-davaya çıxdıqları bir vaxtda, digər 2 rentgen aparatı günlərlə ağzı günə qalır. Bu cür gedişat ötən ilin aprelində instituta rəhbər təyin olunan İradə Axundovanı narahat etmir. Bunun səbəbi nə ola bilər?

Araşdıraq, ümumi bir nəticəyə gələk:

– İradə Axundova da azərbaycanlıdır, növbədə dayanan xəstələr də azərbaycanlıdırlar. İradə Axundova da Azərbaycan vətənaşıdır, növbədə dayanan vətəndaşlar da Azərbaycan vətəndaşlarıdır. İcbari Tibbi Sığorta yaranandan sonra İradə Axundova vəzifəyə təyin olunub və aylıq maaşı 2 min manata yaxındır. Bəs niyə İradə Axundova öz vəzifəsini layiqincə yerinə yetirmək istəmir?

Səbəb nədir? İnstitutda 2 rentgen aparatı boş qaldığı bir vaxtda, qəbul şöbəsində rentgenə düşmək üçün yaranan növbəni aradan qaldırmaq üçün İradə Axundova niyə tədbir görmək istəmir?  Marağı nədir?

***

Başqa bir vətəndaşın dediklərini dinləyək: “Bu yaxınlarda 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu xəstəxanası) göndəriş aldıq. Yerli poliklinikada göndərişi verəndə belə də dedilər: “Sabunçu Xəstəxanasında kompüter tomoqrafiyası (KT) işləmir, amma başqa yol da yoxdur, gərək ora gedib KT həkimindən imtina alasınız və sizi digər xəstəxanaya yönləndirsinlər”.

Xəstəmiz ağır durumda olsa da, məcbur qalıb dediklərini etdik. 2 gün canlı növbədə gözləyəndən sonra 56-cı şəxs olaraq həkimin qəbuluna düşdük. Otaqda bir Qarabağ müharibəsi veteranı haray-qışqırıq salıb, pinti idarəçiliyə, yersiz süründürməçiliyə etiraz edirdi. Polis çağırdılar, Qarabağ veteranını dilə tutub həkimin otağından çölə çıxardılar. Dəhlizdə oturmağa stul olmadığından növbədə olan qoca və ağır xəstələr pəncərəaltıya dirsəklənib növbələrinin çatacağını gözləyirdilər. Qarabağ veteranı o qədər əsəbləşmişdi ki, boğazı qəhərlənirdi. O boyda xəstəxanada 1 stəkan suyu belə çətinliklə tapıb ona verdilər. Əlacsızlıqdan hər kəs dayanıb sadəcə Qarabağ veteranının fəryadını izləyirdi. Polis onu dilə tutub özü ilə harasa apardı.

Həkimin yanına qayıtdıq. Əlimizdəki sənədlərə baxıb, başını yellədi, sizi “Semaşko”ya yazıram, ora gedərsiz.

“Orada da belə növbədir?” sualıma başını yelləməklə cavab verir. Ardından da “istəsəniz, 5 saylı Xəstəxanaya yazaq, orda vəziyyət nisbətən yaxşıdır” deyir. Razılaşmaqdan başqa çarə yoxdur. Sənədi alıb, vaxt itirmədən 5 saylı Xəstəxanaya getməyə tələsirəm. Çünki xəstənin durumu hər ötən saat ağırlaşır. Həkim isə deyir ki, “sabah 3-dən sonra gəlin, göndərişi aparın”. Ləngimənin səbəbini xəbər alıram. Cavabı qısa olur: “təsdiq olmalıdır, olmasa,  göndərişi verə bilmərəm”. Səbrimizi cilovlayıb növbəti gün saat 3-ü gözləyirik. Çarəmiz, ümidimiz 5 saylı Xəstəxanadakı müayinəyə, onun nəticəsinədir. Növbəti gün deyilən vaxtda göndərişi alıb xəstəxanaya yollanırıq. Burada giriş qapısında müxalifətin babat mitinqində olduğundan daha artıq insan xaotik şəkildə növbədə dayanıb. Qapıdan içəri keçmək mümkün deyil. Nəzarətçilərin son dərəcə əsəbi “sən bu yana keç”, “sən hara gedirsən, sənin növbən deyil” tipli göstərişləri bir-birini əvəzləyir, xəstəliklərindən can qurtarmaq ümidi ilə xəstəxanaya üz tutanların əsəbi reaksiyaları da çox gərgin bir mühit yaradır. Ürək sıxıcı bir mənzərədir. Hər kəs xəstəlikdən can qurtarmaq üçün bura üz tutub, əslində isə əlavə xəstəlik tapmaq ehtimalı çox böyükdür. Ən azı “COVİD-19”, azad şəkildə hərəkətdə olan qripoz viruslar üçün bu növbələrdə münbit şərait var.

Növbədə isə ağız deyəni qulaq eşitmir.

“Səhər 6-dan burdayam, məndən sonra gələnlər keçdi, mən qaldım”, “filankəsi niyə buraxdınız” kimi ittihamları da nəzarətçilər qulaqardı edir.

Bizə də məsləhət bilirlər ki, səhər 6-da gəlib növbə tutaq.

Məcbur qalıb belə də edirik. Növbəti gün səhər 6-da növbəyə yazılır, həmin gün günortadan sonra həkimin qəbuluna düşə bilirik. Bu dəfə də məlum olur ki, xəstəyə tələb olunan KT növü, KT kontrast 5 saylı Xəstəxanada yoxdur. Məcbur qalıb özəl klinikaya göndəriş verilir.

Özəl xəstəxana isə sanki Azərbaycanda yerləşmir. Dövlət xəstəxanalarındakı cansıxıcı, əsəbi və gərgin mühit burada yoxdur. Cəmi 2 saata KT kontrast olunan xəstəyə cavablar təqdim olunur.

Xəstə yaxını da deyir ki, halbuki bizə özəl xəstəxanaya göndərişi elə ilk müraciətimizdən sonra verə bilərdilər. Növbədə dayanmazdıq, həkim bizə ayırdığı zamanı digər xəstəyə ayırıb onun müayinəsini və müalicəsini təşkil edərdi.

3 saylı Sabunçu Xəstəxanasında MRT müayinəsi də faktiki olaraq vətəndaşın canını alır. Müayinəni aparan həkimin savadına, qoyduğu diaqnoza söz yoxdur. Amma İcbari Tibbi Sığorta göndərişi ilə gələn xəstələrə rəsmən zülm verir. Yanvarın 5-də müraciət edən xəstəyə “indi vaxt yoxdur, siz növbədə 132-cisiz, gedin yanvarın 19-da gələrsiniz” deyilir. Ardından da müayinənin tez bir zamanda keçirilməsinin mümkünlüyünə işarə vurulur. Həkim çəkinmədən “60 manat ver, bu dəqiqə müayinə edək” deyir. “Üstümüzdə cəmi 30 manat var” deməmizə də məhəl qoymur, “60 manat tək mənə qalmır ki, yuxarı verirəm də, üstünü düzəlt, sabah gəl” deyir. Xəstənin durumunu izah edirəm, xeyri olmur. Məcbur qalıb “müayinəyə başlayın, borc alıb 30 manatı da gətirim” deyirəm. Razılaşmır. Konkret olaraq 60 manat tələb edir. Üzünə baxıb “korrupsiya idarəsi ağlayır sənin kimilər üçün” deyirəm, xeyri olmur. 60 manatı düzəldib verəndən sonra müayinə baş tutur və 2 saata ölüm hökmü kimi səslənən diaqnozu gülə-gülə üzümə deyir.

***

Yaxın bir dostum Mərkəzi Klinik Xəstəxanada ürək əməliyyatına götürülüb. Yaxınları ilə tez-tez telefonla danışır, dostumun durumu ilə maraqlanıram. İcbari Tibbi Sığorta göndərişi ilə açıq ürək əməliyyatına götürülən dostuma dövlət hesabına verilən damarlar “kitayski” çıxıb. Ona deyilib ki, 1 il sonra bu süni damarların tutulma ehtimalı var. Məcburiyyətdən dövlət hesabına alınan damarlardan imtina olunur və daha keyfiyyətli damarlar alınır.

Sual olunur: dövlət büdcəsindən vətəndaşın sağlamlığı üçün bir ətək pul xərclənirsə, 9 min manata yaxın əməliyyat pulu ayrılırsa, niyə zay, 1 ilə tutulan damarları həkimə verirlər ki, bu zay damarları pasiyentin ürəyinə yerləşdir? Bunu edən kimlərdir?

Həkim həmin damarları xəstənin ürəyinə yerləşdirsə və 1 ildən sonra Allah göstərməsin, ağırlaşma baş versə, vətəndaşın canı əldən gedəcək, həkimin reputasiyası zədələnəcək, dövlət büdcəsindən isə 9 min manat hədər gedəcək.

Yəni bunu anlamaq, tədbir görmək bu qədər çətindir?

***

İcbari Tibbi Sığorta göndərişi ilə “Batıgöz” xəstəxanasına üz tutan bir pasiyentin dediklərini də yazaq: “Gözümdə problem vardı, dedilər ki, linza qoyulmalıdır. İcbari Tibbi Sığortadan göndəriş aldım, “Batıgöz”ə yollandım. Burada məlum oldu ki, linza Çin istehsalıdır, gözümə yerləşdirilsə, xeyirdən çox ziyanı ola bilər. ABŞ istehsalı olan linza təklif etdilər, 500 manat əlavə pul tələb olundu. Razılaşmayıb nə edəcəkdim? Ya kor olmalı, ya da pensiya kartımla bankdan kredit götürüb 500 manatı verməli idim. 500 manatı verdim, gözümə yerləşdiriləcək Amerika istehsalı olan linzanın pasportunu, qutusunu tələb etdim. “Batıgöz”də aləm dəydi bir-birinə. İlk olaraq linzanın pasportunu, qutusunu vermək istəmədilər, “bizdə belə praktika yoxdur” dedilər. İsrar etdim, məsələyə baş həkim qarışdı. Linzanı yerləşdirdilər, dedilər ki, pasportunu da, qutusunu da verəcəklər. Ortaya bir pasport çıxardılar, lakin qutunu bu gün də verməyiblər. Linza qoyulan gözümlə dumanlı görürəm. Həkimlərə deyirəm, cavab verirlər ki, zamanla keçəcək. İndi də şübhə içindəyəm ki, gözümə yerləşdirilən linza “kitayski”dir, arada məndən 500 manat alıblar…

Belə faktlar bütün xəstəxanalarda var və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi hərəkətə keçməsə, dövlətin vətəndaşların sağlamlaşdırılması yolunda atdığı olduqca zəruri addımı – İcbari Tibb Sığorta həkimlərin sabotajı nəticəsində salındığı iflic durumdan çıxa bilməyəcək.

P.S Əgər Azərbaycanda sığorta sisteminin normal işləməsini istəyiriksə, 500 kilometr o yanda, Gürcüstanda 2013-cü ildən tətbiq olunan sığorta sistemini ölkəmizdə tətbiq edək. Bunun üçün dövlət xəstəxanaları sadəcə tamamilə ləğv olunmalı, bu sahə iş adamlarına həvalə edilməlidir. TƏBİB və ya Səhiyyə Nazirliyi də bu sahəyə dövlət tərəfindən sadəcə nəzarət etməlidir.

Globalinfo.az
Araşdırma Qrupu