Sərhəd təxribatında Rusiya izi – Erməni hərbçinin ölümü ilə bağlı yeni gəlişmə

“Ermənistanla Azərbaycan arasında sülh sazişi hələ imzalanmayıb. Buna görə də iki ölkənin dövlət sərhədində vaxtaşırı belə insidentlər baş verə bilər”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli ötən gün Ermənistan-Azərbaycan şərti dövlət sərhədində baş verən insident haqda danışarkən deyib:

Onun sözlərinə görə, Ermənistan tərəfi iddia edir ki, insidenti Azərbaycan tərəfi törədib:

“Təcrübə göstərir ki, bu tipli hadisələri hər zaman Ermənistan tərəfi törədir. Xüsusilə hərbçi ölümləri, ya da yaralanma kimi məsələləri qabardaraq manipulyasiya etməyə çalışırlar. Reallıq budur ki, Azərbaycan Ermənistanla yeni müharibə istəmir. Müharibə istəyən bir ölkə hər halda sülh sazişinin imzalanmasında israr etməz.

Qabil Hüseynli

Ermənistan tərəfinin verdiyi son bəyanatlardan da bu nəticəyə gəlmək olar ki, rəsmi İrəvan da sülh istəyir. Amma Ermənistanda vahid bir sülh arzusunun olmaması, revanşist və ultramilliyyətçi qüvvələrin güclü olması, habelə xarici qüvvələrin mərkəzi hakimiyyətə təsir imkanlarının olması sülhə mane olan başlıca faktorlardır. Misal üçün, Rusiyanın bu gün Ermənistanda təsir imkanları çoxdur. Hərbi siyasi elita daxilində Kremlin kadrlarının olmasını Ermənistan hakimiyyəti də bilir.

Mümkündür ki, son insidenti törədən məhz Rusiyaya sadiq qüvvələrdir. Çünki Kreml yekun sülhün imzalanmasını istəmir. Xüsusilə sərhəd görüşündən sonra hadisənin baş verməsi də bunu deməyə əsas verir”.

Xatırladaq ki, ötən gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryan Ermənistan ordusundakı “5-ci kolon” haqda danışıb. O, 44 günlük müharibəni uduzmaqlarının əsas səbəbini orduda “5-ci kolon”un olması ilə əlaqələndirib. Tiran Xaçatryan Nikol Paşinyandan ordudakı təxribatçı dəstənin başçılarının tapılmasını tələb edib.

Turan Rzayev
Globalinfo.az