Serbiyada inqilab mümkün deyil – Vuçiç

“Serbiyada inqilab və ya hakimiyyətin zorakılıqla ələ keçirilməsi mümkün deyil və dekabrın 30-da bəzi seçki məntəqələrində təkrar səsvermənin nəticələrinə görə ölkə xalqı hakim koalisiyaya dəstəyini açıq şəkildə ifadə edib”.

Globalinfo.az oxu.az-a istinadən bildirir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“İnqilablar olmayacaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsi olmayacaq. Xalq kimi dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu, əsas əhəmiyyət kəsb edir”, – Vuçiç vurğulayıb.

Serbiyada dekabrın 17-də növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilib. İkinci yerdə qərarlaşan müxalif Serbiya Zorakılığa Qarşı blokun nümayəndələri səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia ediblər.

Dekabrın 18-də müxalifət Belqradda Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayıb və dekabrın 24-də paytaxt administrasiyasına basqın etməyə cəhd edib.

İğtişaşlar polis tərəfindən yatırılıb, 38 nəfər saxlanılıb, yeddi nəfər günahını etiraf edib. Vuçiç Belqrad administrasiyasını ələ keçirmək cəhdini ölkənin suverenliyinə qəsd adlandırıb.