Seçkilərdən sonra hakim komandada nələr olacaq? – Gedənlər, qalanlar, yüksələnlər

Azərbaycanda fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində namizədliyini irəli sürən şəxslərin sayı 7-ya çatıb. Belə ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında İlham Əliyevin Prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilib. Böyük Quruluş Partiyasının (BQP) Ali Məclisinin qərarı ilə partiya sədri, deputat Fazil Mustafa, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, deputat Qüdrət Həsənquliyev Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasnın sədri Fuad Əliyev də namizədliyini irəli sürüb.

Maraqlıdır, bizi necə bir seçki gözləyir? Seçkilərdən sonra hakim komandada nələr olacaq, kimlər gedəcək? İndiki namizədlərdən kimlərsə vəzifəyə gətirilə bilərmi? İslahatlar hansı yöndə aparılacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, bizi çox maraqlı bir seçki prosesi gözləyir:

“Əslində namizədlərin əksəriyyəti bəlli idi. Hesab edirəm, sürpriz sima Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Keçmiş Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev oldu. Bununla belə, digər namizədlər də kifayət qədər diqqət çəkir. Hər biri tanınan, xüsusi çəkiyə malik olan, sözü, fikirləri cəmiyyətdə rəğbət görən şəxslərdir.

Demokratik nümunəvi seçki olacağını düşünürəm. Hesab edirəm, seçkilərdə İlham Əliyev qalib gələcək. Çünki qarşıda bizi çətin və bir o qədər də riskli illər gözləyir. Beynəlxalq güclərin diqqəti ölkəmizə doğru yönəlib. Bu həm də proseslərin mürəkkəbləşəcəyidən xəbər verir. Belə olan halda güclü, uzaqgörən mərkəzləşmiş iqtidara və liderə ehtiyac var”.

Politoloq deyib ki, seçki sonrası dəyişikliklərin olması mümkündür:

“Bütün hallarda hakim komandada nə kimi dəyişikliyin olacağını demək çətindir. Çünki bu, partiyadaxili məsələdir. Ölkə başçısının qərarlarını isə yalnız onun özü bilir. Amma şərtlər dəyişib və ölkədə bir çox dəyişikliyə ehtiyac var. Prezident İlham Əliyev 20 illik hakimiyyəti dövründə birdən çox islahat edib və bu islahatlar öz bəhrəsini verir. Bu mənada Qarabağ zəfərindən sonra dəyişiklik, yeni islahatlar şərtdir”.

Turan Rzayev
Globalinfo.az