Saakaşvilinin zəhərlənməsi ilə bağlı yeni faktlar ortaya çıxdı

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin tibbi analizləri onun orqanizmində zəhər sayılan arsenikin olduğunu ortaya çıxarıb.

Globalinfo.az xəbər verir ki, bunu Saakaşvilinin vəkili Şalva Xaçapuridze deyib.

Vəkil bazar ertəsi günü uzun fasilədən sonra Saakaşvilinin yenidən məhkəməyə qatılacağını bildirib. Xaçapuridze bu barədə qərarı eks-prezidentin özünün verdiyini söyləyib. O, Saakaşvilinin məhkəməyə gətirilməsi üçün xüsusi kresloya ehtiyac olacağını deyib.

Qeyd edək ki, bundan öncə Saakaşvilinin vəkilləri onun zəhərləndiyi iddiasını irəli sürmüşdülər. Eks-prezidentin ağır metallar, o cümlədən civə ilə zəhərləndiyi iddia edilmişdi. Gürcüstan hökumət nümayəndələri bu məsələ ilə bağlı səssiz qalaraq, indidən hansısa nəticə çıxarmağın çətin olduğunu demişdilər.

Bir müddət əvvəl Avropa Birliyi Saakaşvili ilə bağlı təcili addımların atılmasını Tiflisdən tələb etmişdi. Xüsusilə eks-prezidentin təcili xarici ölkələrdən birindən müalicəsi məsələsi gündəmə gəlsə də, Gürcüstan hakimiyyəti bu tələbi rədd etmişdi. Saakaşvilinin oğlu isə atasının səhhəti pisləşdikdən sonra məlumat yayaraq, onun Gürcüstan siyasətinə bir daha qayıtmayacağını söyləmişdi.

İlkin
Globalinfo.az