Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri, ardınca Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparması, Azərbaycana səfəri ilə bağlı onu məlumatlandırması, daha sonra Prezident İlham Əliyevlə telefon əlaqəsi yaratması diqqət çəkir.
Bununla yanaşı, ötən gün Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin keçirdiyi brifinqdə üçtərəfli işçi qrupun Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə etdiyini deməsi maraq doğurub.
İddia edilir ki, yekunda üçtərəfli işçi qrupun görüşü, Naxçıvanın Azərbaycanla quru əlaqəsinin yaradılması istiqamətində müzakirələrin aparılması bir zəncirin ayrı-ayrı halqalarıdır.
Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Cənubi Qafqazda gedən siyasi proseslər fonunda Rusiya fəal olmağa çalışır:
“Prosesin əsas iştirakçısı olmaq indiki məqamda Kremlin əsas niyyətidir. Prezident Vladimir Putin məhz buna görə intensiv danışıqlarda iştirak edir. Əliyev və Paşinyanla telefon danışığı, Azərbaycana səfəri onu göstərir ki, Rusiya xüsusilə fəallıq göstərir.
İlyas Hüseynov
Rusiya üçün önəmli olan məsələ kommunikasiyaların açılmasıdır. Kreml öz maraqları çərçivəsində məsələnin həllinə çalışır. Daha dəqiq desək, 10 Noyabr bəyanatında olduğu kimi, maneəsiz hərəkət prinsipinin tətbiqini tələb edir.
Nəticə etibarilə Zəngəzur dəhlizinin açılması istiqamətində işlər gedir. Amma Rusiyanın vasitəçiliyi ilə prosesin necə tənzimlənəcəyini zaman göstərəcək. Bunun effektiv olub-olmaması isə başqa məsələdir”.
Turan Rzayev
Globalinfo.az