Rusiya və Ermənistan hərbçiləri birgə əməliyyatlara hazırlaşır – Nəzarət gücləndirilir

ermeni rus

Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanın Sünik vilayətindən (Zəngəzur-red.) keçəcək yolda monitorinq funksiyası Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) verilə biləcəyini deyib. Buna Bakının da loyal yanaşdığı haqqında məlumatlar da var.

Rusiya hərbçilərini, sərhədçilərini Ermənistandan çıxarır xəbərləri ilə belə bəyanatlar arasında nə kimi əlaqə var?

Globalinfo.az-a danışan politoloq Rəşad Bayramov deyib ki, Nikol Paşinyanın bu fikirləri qeyri-səmimidir:

“Bu günə qədər Paşinyanın addımları ilə fikirləri arasındakı tərs mütənasiblik görmüşük. Daim sülhdən danışıb, sülh istiqamətində addımlar atmaması, Qarabağ Azərbaycandır deyib, separatçı rejimin il dönümündə təbrik göndərməsi və s. buna nümunədir. İndiki mərhələdə Nikol Paşinyanın bu qəbildən yanaşması Qərbə verilən mesajdır.

Resad bayramov
Rəşad Bayramov

Nikol Paşinyan Rusiya və Qərbdən faydalanmaq yolunu seçib. Hər iki stolda oturaraq bu və ya digər dövlətin maraqlarını Ermənistan maraqları ilə uzlaşdırmaqla öz mövqeyini gücləndirməyə çalışır. Zaman-zaman Qərblə yaxınlaşaraq Rusiyadan gələn təzyiqləri necə neytrallaşdırırdısa, indi də Rusiyaya yarınmaq yolu ilə Qərbə mesaj verir ki, onun başqa yolu yoxdur, iqtisadi cəhətdən təhlükəsizliyini təmin edə bilmir. Bunun üçün də Qərbdən əlavə maliyyə yardımı almağa çalışır”.

Politoloqun sözlərinə görə, üç gündür ki, Ermənistan rəsmiləri tərəfindən guya Azərbaycanın hücuma keçmək niyyəti ilə bağlı təbliğat kampaniyası aparılır:

“Ayrı-ayrı beynəlxalq tribunalarda bu qəbildən fikirlərin səsləndirilməsinə cəhd edirlər. Beləliklə, Qərbdən bu fonda əlavə silah-texnika almağı hədəfləyirlər. Rusiya sərhədçiləri Ermənistandan çıxarılmır. Sadəcə Rusiya-İran sərhəd-keçid məntəqəsində dayanan rus hərbçiləri həmin məntəqədən çıxarılıb, yerinə Ermənistan sərhəd qoşunları yerləşdirilib. Bir sərhəd məntəqəsində maksimum 10-15 əsgərin dayandığını nəzərə alsaq, bunu Rusiya maraqlarının tapdanması kimi qiymətləndirməməliyik. Ümumi sərhəd zolağında isə rus hərbçiləri fəaliyyətlərini davam etdirir. Sadəcə indi Ermənistan hərbçiləri də ruslarla birgə bu xidməti aparacaqlar”.

Safura Bənnayeva
Globalinfo.az