Rusiya ölümcül silahlarla mühasirəyə alınır – Putin bu ölkəyə hücum edə bilər

Finlandiyanın yeni Prezidenti Aleksandr Stubb deyib ki, “Finlandiya çəkindirici nüvə vasitəsinə sahib olmalıdır. Üzvü olduğumuz NATO bizə üç çəkindirici vasitə təqdim edir: birincisi, hərbçilərdir, ikincisi, raketlər, sursatlar və üçüncüsü – bu, ABŞ-dan gələn nüvə silahıdır”, – o bildirib.

Qeyd edək ki, Stubb namizədliyi dövründə də parlamentin qanunvericiliyə dəyişiklik edəcəyi təqdirdə Finlandiya ərazisində nüvə silahının yerləşdiriləcəyini istisna etməmişdi.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, müasir dünya nizamında nüvə silahı daha çox çəkindirici xarakter daşıyır:

“Çünki nüvə silahının tətbiqi heç bir halda uğur vəd etmir. Rusiya dünyada nüvə silahına malik olan azsaylı dövlətlərdən biridir. Rusiya Prezidenti Vladimir Putin və digər rəsmilər dəfələrlə nüvə silahını tətbiq edəcəkləri barədə xəbərdarlıq ediblər. Amma hələ ki, nüvə silahı tətbiq olunmayıb. Çünki bu həmlə adekvat cavabı qaçılmaz edir. Dünyanın iki qütbündən nüvə silahının tətbiqi isə planet üçün fəlakət deməkdir.

Finlandiya ərazisində nüvə silahının yerləşdirilməsi hər şeydən əvvəl çəkindiricilik üçündür. Finlandiya NATO ölkəsidir. Bu isə o deməkdir ki, gələcəkdə NATO Rusiya qarşısında daha güclü olacaq.

Amma nüvə silahına sahib olmaq hələ bu silahın tətbiq olunması demək deyil. Hərçənd dünyada gərginlik davam edir və getdikcə artır. Dövlətlər itirəsi nələrinsə olmadıqlarından əmin olanda nüvə silahını istifadə etməkdən çəkinməyəcəklər”.

Xatırladaq ki, Rusiya Finlandiyanın NATO üzvü olmasından hər zaman xüsusi narahatlıq bildirib. Çünki bu, Alyansın Rusiya sərhədlərinə yaxınlaşması deməkdir. Bu gün Ukraynada baş verənlər də NATO-nin Şərqə doğru genişlənməsinin tərkib hissədir. Rusiya neçə onillərdir ki, bu prosesi əngəlləməyə çalışır.

Amma görünmən budur ki, NATO Rusiya ilə qonşu olur və onun qulağının dibində nüvə silahı yerləşdirir. Bu prosesə Rusiya Prezidenti Vladimir Putinin cavabı nə olacaq? Finlandiyaya hücum edə bilərmi? Düzdür, bu, NATO-Rusiya müharibəsinin başlanması deməkdir. Yaxın zamanlarda Vaşinqtonun bu həmləsinə Moskvanın təpkisi özünü göstərəcək.

Turan Rzayev
Globalinfo.az