ABŞ Senatında respublikaçılar Prezident Donald Trampın Pentaqonda mühüm vəzifələrə irəli sürdüyü ən azı iki namizədin təsdiqlənməsinə mane olmağa hazırlaşırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti hazırkı və keçmiş rəsmilərə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, bu vəziyyət Respublikaçılar Partiyası daxilindəki ciddi siyasi fikir ayrılıqlarını daha da dərinləşdirir:
“Söhbət Ostin Damer və Aleks Veles-Qrindən gedir. Tramp bir ildən çox əvvəl onları Pentaqonun siyasi idarəsində strategiya, planlaşdırma və imkanlar üzrə idarənin direktoru və direktor müavini vəzifələrinə namizəd göstərib.
Administrasiyanın aylarla davam edən lobbiçilik səylərinə baxmayaraq, namizədlər Senatda kifayət qədər səs toplaya bilməyiblər. Nəticədə onların namizədliklərinin bu il Senatda baxılacaq yekun siyahıya daxil edilməyəcəyi gözlənilir”.
“The Washington Post”un məlumatına görə, bu qərar Ağ Ev üçün ciddi siqnal olacaq:
“Belə ki, Tramp administrasiyası öz namizədlərinin Konqresin yuxarı palatasından təsdiqini gözləyirdi. Bununla belə, Pentaqondakı kadr təyinatları ilə bağlı problemlər yalnız bu iki namizədlə məhdudlaşmır. ABŞ Ordusuna və Hərbi-Dəniz Qüvvələrinə rəhbər vəzifələrə irəli sürülən namizədlər də müqavimətlə üzləşiblər. Bundan əlavə, müdafiə xərcləri üçün yüz milyardlarla dollar ayrılması ilə bağlı sorğunun taleyi də sual altındadır”.
Nəşr hesab edir ki, Respublikaçılar Partiyası daxilində artan ziddiyyətlər artıq təkcə müdafiə sektorunda kadr təyinatlarına deyil, həm də ABŞ ordusunun maliyyələşdirilməsinə təsir göstərir.
Əliyar Xəlil
Globalinfo.az